ALÇAQsif 1. Hündürlüyü, ucalığı az olan, yerdən, hər hansı bir səviyyədən azacıq hündür olan. Alçaq dağ. Alçaq ev. Alçaq boy. Alçaq divar. - Alçaq yerdə təpəcik özün dağ sanar. (Ata. sözü). Bura darısqal, alçaq, yarıqaranlıq bir otaq idi. Mir Cəlal.
// Yer səthindən çox hündürdə olmayan, hündürlük məsafəsi az olan. Alçaq uçuş. Alçaq buludlardan yağış səpələndi. Bəstəboy, boyu gödək. Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adamam. C.Məmmədquluzadə. Yavaş, asta, aşağı. Alçaq səs. Alçaq ton. məc. Pis, xarab, keyfiyyətsiz. Alçaq mal. - Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şaldan, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə. məc. Rəzil, şərəfsiz, namərd, çox pis. Birisi haqqında alçaq fikirdə olmaq. Alçaq fikirlər. Alçaq hərəkət. Alçaq adam. Müharibə qızışdıranların alçaq niyyətləri. - Bu cür alçaq və rəhmsiz adamlara bir dəqiqə olsa da həyat haramdır. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|