İzahlı lüğət

ARA

is. 1. İki nöqtə, iki şey arasındakı məsafə. Bakı ilə Gəncə arasında asfalt yol var. Məktəblə evimizin arası yüz addım olar. - Qulam Əsgərov düşmən ilə öz aralarındakı məsafəni bilirdi. Ə.Əbülhəsən.
Boşluq, açıqlıq, boş yer, açıq yer, məsafə. Ara qoymaq. Qapını yaxşı ört, ara qalmasın. Pəncərənin arasından külək gəlir. Çəpərin arasından baxmaq. - Sona elə ki geyinib hazır oldu, qapının arasından baxdı. N.Nərimanov.
İki hadisə, iş, əhvalat və s. arasındakı müddət, vaxt. Məktəbə girməyim ilə bitirməyimin arası 4 il çəkdi.
// Fasilə.
□ Ara vermədən - dayanmadan, arası kəsilmədən, fasiləsiz. Ara vermədən danışmaq.
Dəniz ara vermədən buruğun polad sütunlarını döyəcləyirdi. M.İbrahimov. Burada Nuru oğlu sözünə ara vermədən şəhadət barmağı ilə qaranı göstərdi.. M.Hüseyn. Ara vermək - dayanmaq, kəsilmək, fasilə vermək, müvəqqəti olaraq arası kəsilmək. Yağış ara verdi. - Ancaq quduz xəzri dəqiqə-dəqiqə ara verib, damlar başında uluyurdu. S.M.Qənizadə. Bəyin divanı ara verəndə zurnaçılar başlayırdı. Mir Cəlal. Ara verməmək - kəsilməmək, dayanmamaq. Yağış ara vermir. Arası kəsilmək - b a x ara vermək. Selin arası kəsildi. Sürünün arası kəsildi. - Uzun illər kəsilməyir arası; Şamü səhər, leylü nahar ağlarsan. M.P.Vaqif. Dilarənin leytenant Əjdərdən aldığı məktubların arası kəsilmişdi. Ə.Məmmədxanlı.
Hüdud, sərhəd; iki torpağı, mülkü və s.-ni bir-birindən ayıran xətt, mərz. İki bağın arasında çinar ağacları əkilmişdi. Həyətlərin arasında hasar çəkilibdir.
İçəri, orta, ortalıq. Taxılın arasında lalələr bitmişdir. Yüzlərcə kitab arasından bircəsini seçdim. Alimlər arasında mübahisə.
..Bu gün əhali arasında və ruznamələrdə ikinci kitab haqqında böyük danışıqlar başlanmışdı. M.İbrahimov. Günəş parçaparça ağarışan buludlar arasından süzüb çıxdıqca hava daha da istiləşir. M.Hüseyn.
məc. Əlaqə, münasibət, rəftar. Yar məndən kəsməzdi belə aranı; Bu qoymayan kimdir, barı görəydim. M.P.Vaqif. Yəqin ki, bizlərdən olmuş bədgüman; Kəsildi yol, belə bağlandı ara. M.F.Axundzadə.
İç, qat, büküm. Çörəyin arasına pendir qoymaq. Palazın arasını açmaq. Kitabın arasına nişan qoymaq. Qələm dəftərin arasındadır.
Yer. halda: arada - 1) b a x ara yerdə. Arada bağrı parçalanan, yanan, tüstüsü göyə qalxan kababdır. Mir Cəlal; 2) işin arasında. Arada bir bizə dəy.
Çıx. halında: aradan - bir işin, hadisənin üstündən. Aradan bir gün keçdi. Həmşərimi daha küçədə görmədim. C.Məmmədquluzadə.
□□ Ara açmaq - 1) qiymət kəsmək, satış şərtlərini müəyyən etmək; 2) aranı düzəltmək, münasibəti düzəltmək, yaxşılaşdırmaq. Ara dəymək - küsüşmək, əlaqə və dostluq pozulmaq. Əvvəlləri onunla aram dəymişdi, bir dəfə sözünə cavab qaytarmışdım. Ara düzəltmək - barışdırmaq, vasitəçilik etmək, arada əlaqə düzəltmək. Ara qarışdırmaq - araya fıtnə salmaq, pozğunluq, qarışıqlıq salmaq. [Səməd Nadirə:] Ancaq beş-altı nəfər .. var, onlar aranı qarışdırırlar. B.Talıblı. Səmədin anası .. Gülpərini ara qarışdırmaqda, saman altından su yeritməkdə .. təqsirləndirirdi. M.Hüseyn. Ara qarışıb məzhəb itmək - b a x ara qarışmaq. Məsələ məlum olduqda, necə deyərlər, ara qarışıb məzhəb itərdi.. H.Sarabski. Ara qarışmaq - nizamsızlıq düşmək, qarışıqlıq düşmək, qayda-qanun pozulmaq, hərc-mərclik düşmək. Gah küsülü olub, gahı barışıb; Bir saat keçməmiş ara qarışıb; Tənəli-tənəli sözlər danışıb; Əlini dizinə çatdığın yetər. Q.Zakir. Ara qatmaq - b a x ara qarışdırmaq. Bir-iki nəfər aranı qatmaq üçün hökumətə donos verdilər.. H.Sarabski. Ara qırmaq - b a x ara vurmaq. Ara pozmaq - b a x ara vurmaq. Ara pozulmaq - b a x ara dəymək. Ara sayxaşmaq (sakitləşmək) - sakitlik düşmək, səs-küy kəsilmək. Məclis dağıldı, ara sayxaşdı. - Budur, daha ara sayxaşdı, toz-duman çəkilir. A.Səhhət. Ara sazlamaq - b a x ara düzəltmək. Ara soyumaq - əlaqə kəsilmək, dostluq pozulmaq. Ara söz, ara cümlə qram. - danışanın haqqında danışılan şeyə münasibətini ifadə etmək üçün cümlə içərisinə daxil edilən söz, ya cümlə, məs.: əlbəttə, ola bilsin, daha doğrusu, yəqin ki və i. a. Ara sözü (söhbəti) şayiə, yalan xəbər, uydurma. Ara sözü ev yıxar. (Məsəl). Ara vurmaq (vuruşdurmaq, pozmaq) - yoldaşlar, dostlar və s. arasında nifaq, düşmənçilik salmaq, dalaşdırmaq, əlaqələrini pozmaq. Ara yerdə - arada, aralıqda, ortalıqda, nahaq yerə. Üzünü güzgüyə qeybətdə oxşadan qafil; Toxunsa üz-üzə, olmazmı ara yerdə xəcil. Füzuli. Ara yerdə başıma qopmuş qiyamətlər mənim. M.P.Vaqif. Ara yerdə qalmaq - yiyəsiz, sahibsiz, kimsəsiz, əlacsız qalmaq, hər şeydən əli çıxmaq. Arada gəzmək - araya fıtnə salmaq məqsədi ilə xəbərçilik etmək və söz aparıb gətirmək, ara qarışdırmaq. Arada qalmaq - 1) aralıqda qalmaq, hər şeydən əli çıxmaq;
mütərəddid qalmaq, nə edəcəyini bilməmək. Aradan çıxarmaq - qurtarmaq, xilas etmək, çətin vəziyyətdən qurtarmaq. Lazım gəldiyi vaxt Tütünçü oğluna silahla da yardım göstərəcək və onu aradan qaldıracaq idi. M.S.Ordubadi. Aradan çıxmaq
canını qurtarmaq, çətin vəziyyətdən qurtarmaq, yaxa qurtarmaq, qaçmaq, qaçıb gizlənmək;
// gözdən itmək, yox olmaq. Aradan qaldırmaq (götürmək) - yox etmək; ləğv etmək, ortadan qaldırmaq. Araları dəymək (sərinləşmək) - küsüşmək, əlaqələri pozulmaq. Aranı saz eləmək - dostlaşmaq, lap yaxmlaşmaq. Aranı vurmaq (kəsmək) - əlaqəni kəsmək, küsmək. Kəsibən bizimlə aranı nədən; Nə müddətdən bəri yox gedibgələn. Q.Zakir. Arası açılmaq - 1) yaxınlaşmaq, dostlaşmaq. O şəndir, Sübhanverdizadə ilə arası açılmağına çox sevinir. S.Rəhimov; 2) pozuluşmaq, arası dəymək. Cavad xanla Iraklinin arası açıldığı üçün Irakli Cavad xanı götürüb yerinə Rəhim xanı keçirmək istəyirdi. Çəmənzəminli. Arası kəsilmədən - dayanmadan, durmadan, fasiləsiz, aramsız. Arası kök olmaq - b a x arası olmaq 2-ci mənada. Bundan sonra bir ayrısı başlayırdı: - Rəhmətlik xanın mənnən də arası çox kök idi. Zorxanada işləyəndə xan da bizimlə işləyirdi. Çəmənzəminli. Arası olmaq - 1) xoşlamaq, istəmək, sevmək, arzu etmək, həvəsi olmaq. Onun şirni ilə çox arası var; 2) əlaqəsi, dostluğu olmaq. Arası olmamaq - xoşlamamaq, sevməmək, zəhləsi getmək. Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdur. C.Məmmədquluzadə. Mənim onlarla qədimdən aram yoxdur. S.S.Axundov. [Əzim dayı] yalan, riyakarlıq nə olduğunu bilməz və belə adamlarla heç arası olmazdı.
Şaiq. Arası saz olmaq - b a x arası olmaq. [Katib] daldaya gələndə isə, əziz dostu, arası saz olduğu əməli katibin dediklərini xatırlardı. Mir Cəlal. Araya almaq dövrəyə almaq, ortalığa almaq, dövrələmək, ətrafını almaq. [Qorodovoylar] Məhərrəmi araya alaraq qapıdan çıxdılar. H.Nəzərli. Bu aralıq qadınlar da yetişib arabamızı araya aldılar. A.Şaiq. Araya atmaq - ortalığa atmaq, irəli sürmək, meydana atmaq. Araya düşmək - vasitəçilik etmək, vasitəçi olmaq. Saqi oldun, sən ki, düşdün araya; Dəxi bu məclisdən ayılan olmaz. Q.Zakir. Araya gəlmək - ortalığa gəlmək, ortaya qoyulmaq. Süfrə yığıldı, araya çay gəldi. “Aşıq Qərib”. Araya girmək - 1) bax araya düşmək; 2) bir-biri ilə bəhs edən və ya küsüşən adamlar arasına girib, onları daha da qızışdırmaq. Araya qoymaq məc.
ələ salmaq, oynatmaq, masqaraya qoymaq, lağa qoymaq. Araya soxulmaq - müdaxilə etmək, qarışmaq. Araya söz salmaq - mübahisə qalxmasına səbəb olmaq, mübahisə törətmək. Bu ara, bu arada - bu zaman, bu anda, bu dəmdə. Möhnətimə çarə, dərdimə dərman; Edən yoxdu, bu arada, gedirəm. Q.Zakir. Lərzə düşdü bədənimə bu ara. M.Rahim. Öz aramızdır - məxfi, gizli, yalnız müsahiblər arasında qalmalı sirr, söhbət haqqında. [Allahqulu:] - Ay usta Kazım, - dedi, - öz aramızdır, bu xanlar elə il uzunu bir-biri ilə dava eləyirlər, kasıbkusub əldən gedir. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed