ATAis. 1. Övladı olan kişi; dədə. Doğma ata. Ögey ata. Bu uşaq lap atasına oxşayır.
Ata olmayan, ata qədrini bilməz. (Ata. sözü). məc. Bir nəzəriyyənin, məsələnin və s.-nin banisi; rəhbər, yolgöstərən. M.F.Axundzadə Azərbaycan dramaturgiyasının atasıdır. // məc. Himayəçi, tərbiyə verən, pərəstar, yetişdirib böyüdən. O, bizə ata olmuşdur. Yaşlı və hörmətli kişiyə xitab, müraciət. // “Atam” şəklində - xahiş, bəzən narazılıq ifadə edir. [Sitarə:] Atam, apar məni də Kəbənin ziyarətinə. C.Cabbarlı. [Adamlardan biri:] Atam, höcət nə üçün? Bu saat bir adam göndərək.. bu məsələni öyrənib gəlsin. H.Sarabski. Yalnız cəm şəklində: ATALAR - əcdad, ata-baba. Atalar belə deyiblər. Atalarımızın müqəddəs qəbrini namusla düşməndən qoruduq. Atalar nə əkiblər, oğullar onu biçiblər. □□ Atalar sözü - ibrətamiz məzmunlu qısa kəlam, ifadə. Atalar sözündə xalqın dühası əks olunur. Atalar sözündə dərin hikmət var. Atası yanmaq dan. - çox əziyyət çəkmək, əldən düşmək, üzülmək, ağır, əziyyətli bir şeyə məruz qalmaq. Atasına od vurmaq b a x atasını yandırmaq. Atasını dalına sarımaq - b a x atasını yandırmaq. Atasını yandırmaq dan. - 1) şiddətli cəzalandırmaq, divan tutmaq. [Mirzə Turab kəndlilərə:] Səfər bəyin nə haqqı var sizi bu qədər incidə. Mən onun atasını yandıraram. B.Talıblı. [Xəlil:] Qoy bir işlərim yoluna düşsün, mən onun atasını necə yandıraram, özüm bilərəm. M.Hüseyn; 2) məhv etmək, tamamilə bərbad hala salmaq. O, bağın atasını yandırıb. “Kirpi”. Uşaqların atası dan. - evfemizm yolu ilə arvadın öz ərinin admı çəkməmək üçün işlətdiyi ifadə. Paylaşın - Hamı bilsin
|