AY2nida. 1. Çağırış, müraciət, haylama, haraylama nidası. Ay camaat! - Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmayın\ M.F.Axundzadə. [Kərbəlayı Fatma:] Ay hacı, bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fətulla dirilib gəlir? C.Məmmədquluzadə. Növbət gəlinə gəldi: - Ay uşaq, qaçın, gəlin gəlsin. Çəmənzəminli.
// Bəzən təsiri şiddətləndirmək üçün “haray”, “dad” sözləri ilə birlikdə deyilir: [Nazir:] Ay haray, ay dad, a başına dönüm! Axır mənim təqsirim nədir! M.F.Axundzadə. Gözlənilməyən bir keyfiyyət, ya hadisə nəticəsində doğan hissi, qorxunu, diksinmə və s. hissləri ifadə edir. Ay, ilana bax! Ay, gələn odur! Ay, qorxdum ki! Ay, ürəyim qopdu! // Kədər, təəssüf, mərhəmət, şəfqət kimi hissləri ifadə edir. Ay yazıq! Ay biçarə! - Əxlaqipozğun, adətipis, pasibanı yox; Qəlbim yanar, ona deyərəm: “Ay yazıq çocuq!” A.Səhhət. // Birdən ağrı tutduqda deyilir. Ay başım! Ay öldüm! // Təəccüb, heyrət, heyranlıq ifadə edir. Ay, nə çoxdur! Ay, nə gözəldir! // Təsiri gücləndirmək üçün deyilir (bəzən təkrar edilməklə: ay, ay, ay). Ay, ay, ay! Nə gözəl səs gəlir! // Narazılıq, məmnunsuzluq və s. ifadə edən xitab bildirir. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir. Ay Mirzə Səttar, axır niyə insaf ilə danışmayırsan? Ə.Haqverdiyev. [Zəhra:] Ay Kərim, çox öyünmə. Ayrım qızı dörd-beş kişiyə dov gəldi. A.Şaiq. “A” yerində nida olaraq işlənir (b a x A2#). Ay uşaqlar, bir sakit olun! Ay yoldaş, səbr elə! Ay qız! Ay qoçaq! Paylaşın - Hamı bilsin
|