AYAQLAMAQf 1. Tapdalamaq, tapdalayıb əzmək, ayaqları altında əzmək, ayağı ilə məhv etmək, xarab etmək. Əkini ayaqlamaq. Güllüyü ayaqlamaq. Otu ayaqlamaq.
// Məc. mənada. Avropanı ayaqlayıb gələn düşmən hələ bu cür inadlı müqavimətə rast gəlməmişdi. Ə.Əbülhəsən. // Ayaqla basmaq, sıxmaq, əzmək. Palçığı ayaqlamaq. Torpağı ayaqlamaq. // Ayaqla vurmaq, əzişdirmək, ayaqları altına salıb döymək. [Hacı Mədinə:] Səni bu küçədə yıxıb o qədər ayaqlaram ki, beynin torpağa qarışar. C.Məmmədquluzadə. Gəzmək, dolaşmaq. Bütün şəhəri ayaqladım. məc. Saymamaq, tapdalamaq, pozmaq. Mən deyirəm: “Qoy var olsun sinəmdəki el ürəyi; Mərd oğullar ayaqlamaz and içdiyi duz-çörəyi”. S.Vurğun. Əkbər istədi işi, aclığı və hətta canından əziz tutduğu sevgilisini belə ayaqlayıb keçsin.. Mir Cəlal. məc. Sıxmaq, təzyiq altına almaq, mənəvi əzab vermək. Fəsli-bahar gəldi, könül, künci-bağ tut; Möhnət səni ayaqladı, bir dəm ayaq tut. Q.Zakir. Paylaşın - Hamı bilsin
|