
AZLIQis. 1. Hər hansı bir qrupun (adamlar qrupunun) az hissəsi; sayca az olan hissə; əqəliyyət. Azlıqda qalmaq. Layihəyə ancaq azlıq səs vermədi. - [Uğur:] Bizdə azlıq çoxluğa tabedir. İ.Əfəndiyev.
2. Miqdarca, sayca, müddətcə və s. kifayətsizlik, çatışmazlıq. Vəsait azlığı. Material azlığı. Vaxtın azlığı. İxtisaslı işçilərin azlığı. - Şəmsi yenə vaxtın azlığını xatırlayıb söhbətə yekun vurmağa çalışdı. M.Hüseyn. Bu isə yenə ona [Quliyevə] etimadın azlığını göstərirdi. Ə.Sadıq. □ Azlıq etmək - çatışmamaq, kifayət etməmək, ehtiyacı ödəməmək, təmin etməmək. Haşım hərçənd öz vətəninə qayıtmaq istəyirdi, amma bir ilin muzd pulu ona azlıq edirdi. Talıblı. Taxıldöyən maşın, vəl azlıq eləyirdi. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|