BADALAQis. 1. Sərbəst güləşmə zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma.
□ Badalaq vurmaq - birini yıxmaq üçün ayağını onun ayağına dolaşdırmaq. Mən yoldaşımdan qabaq çəməndə bir lalə görmüşəm.. Mən onu üzəndə dostum badalaq vurub məni üzüstə yıxır ki, laləni özü dərsin. M.Hüseyn. 2. məc. Hiylə, kələk, fənd, fırıldaq mənasında. Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə. N.Vəzirov. Badalaq qurmaq - hiylə qurmaq, kələk gəlmək, fırıldaq düzəltmək; ayağının altını qazımaq, ayağından çəkmək. [Aslan bəy:] Sən öləsən ağa Laçın bəy, sənin özünə də axırda bir badalaq qurmağım var. N.Vəzirov. [Namaz:] İndi sənin mənə badalaq qurmağının heç adı yoxdur. Ə.Haqverdiyev. Kərbəlayı Tapdıq bu dərdi sinirə bilmirdi, Durmuşa badalaq qurmağa çalışırdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|