BƏHSis. [ər.] 1. Bir şey haqqında ətraflı danışma, müzakirə etmə, fikir yeritmə.
// Söhbət, danışıq. □ Bəhs etmək - danışmaq, söhbət etmək, fikir yeritmək. Biz bir neçə Badkubə müəllimləri.. ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şüru etdik... C.Məmmədquluzadə. Bəhs açmaq - söhbət açmaq, danışmağa başlamaq. Qaragözlü həkim xanım özü bir çocuq anası olmadığı halda, kitablardan bəhs açaraq “Analıq və çocuqluq” mövzusunda mühazirə oxuyurdu. S.Rəhimov. Mübahisə, söz güləşdirmə. □ Bəhs düşmək - mübahisə düşmək. İçərkən ortalığa belə bəhs düşdü. S.S.Axundov. Bəhs etmək - 1) mübahisə etmək. O bəhs etməyi çox sevir. - Alma, palıd, şam ağacı hal ilə; Eylədilər bəhs bu minval ilə. M.Ə.Sabir; 2) çəkişmək,mərcləşmək; 3)yarışmaq, bəhsləşmək. Xətti-rüxsarın edər lütfdən reyhan ilə bəhs; Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs. Füzuli. Bəhsə düşmək - acığa düşmək, bəhsləşmək, yarışmaq. Bəhsə düşən raykom şoferi yolda vurub Qocaoğlunun şoferini keçmiş və Dəmirovu hamıdan qabaq rayona çatdırmaq istəmişdi. S.Rəhimov. Bəhsə gəlmək - bir-biri ilə yarışmaq. Oğlanlar, qızlar, gəlinlər; Bir-birilə bəhsə gəlir. Aşıq Əli. Bəhsə girişmək - 1) mübahisəyə başlamaq; 2) birinin acığına iş görməyə başlamaq, çəkişmək. Bir-birinin bəhsinə 1) bir-biri ilə yarışaraq; 2) bir-birinin acığına. Xanımlar bir-birinin bəhsinə hey buyururdular. Mir Cəlal. Bir əsərin müəyyən məsələyə həsr olunmuş hissəsi, fəsli, bölməsi. Qrammatikanın feil bəhsi. Fizikanın işıq bəhsi. Paylaşın - Hamı bilsin
|