BƏYANis. [ər.] 1. Anlatma, izah etmə, şərh etmə, aydın və açıq söyləmə; izah, şərh, ifadə. Həkimin bəyanına görə, taxıl çöplərini qırıb yerə tökən həmin bu qurd imiş. C.Məmmədquluzadə. Görmüşəm çox gözəl-gözəl şeylər; Söyləsəm gər, bəyanı tul çəkər. A.Səhhət. Bir aləmdir o, təsvirə, bəyana sığmaz; Şerin qurub yaratdığı cahana sığmaz. R.Rza.
□ Bəyan etmək (qılmaq) söyləmək, bildirmək, izah etmək, anlatmaq. Eşqin mərəzinə bən də təbibəm; Bəyan elə bana əhvalın sənin. Aşıq Pəri. Sədrəddin bəy prokurorun hücrəsində bir saat çağı qalıb əhvalatı bəyan edirdi. S.M.Qənizadə. Cütçü dedi: - “'Bircə mənə qıl bəyan; Sərçə veribdirmi sənə bir ziyan?” A.Səhhət. “Leyli-Məcnun ” hekayəsinin səbəbi nəzmini bəyan qıldığı saqinamədə Füzuli deyir: bu “bir bəzmi-müsibəti-bəladır ki, onun əvvəli qəm, sonu bəladır”. F.Köçərli. Bəyanə gəlmək - dilə gəlmək, danışmağa başlamaq. 2. ədəb. köhn. Poetikanın təşbeh istiarə, məcaz və kinayə kimi qisimlərindən bəhs edən hissəsi. Paylaşın - Hamı bilsin
|