BİABIRsif. [fars.] Abırsız.
□ Biabır etmək (eləmək, eyləmək) - abırdan salmaq, rüsvay etmək, adını ləkələmək. [Kərim:] [Süleyman bəy] mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb, bağırsaqlarını ayağına dolamasam, atamın oğlu deyiləm. Ə.Haqverdiyev. [Barat:] Yoldaş Şərif nə haqq ilə sən müəllimə Almas xanımı biabır edirsən? C.Cabbarlı. [Tahir:] Qoy, nə deyir desin, məni biabır da eləsə, ürəyimdəkiləri açıb ona söyləyəcəyəm. M.Hüseyn. Biabır olmaq - rüsvay olmaq, ad batırmaq, abırı tökülmək. Camaat qabağında biabır olmaq. - [Hacı İslam:] Bu dəlinin öhdəsindən bəlkə sən gələsən, yoxsa vallahi biabır olduq. C.Məmmədquluzadə. [Balaş:] Çul-çuxası ilə həyətə-zada çıxar, biabır olarıq. C.Cabbarlı. [Mir Mahmud:] Ay Hüseyn, bu nə paltardır əyninə geymisən, çıxart, çıxart, dayın bizə gəlir, biabır olarıq. S.Rəhman. Paylaşın - Hamı bilsin
|