BULAQis. 1. Yerin altından sızıb çıxan sərin, soyuq su mənbəyi; çeşmə, qaynaq. Bulaq başdan bulanar. (Ata. sözü). \Şirvan vilayətinin] xoş havalı yaylaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır. A.Bakıxanov. \Cahan:] Camaatın qara su içməkdən hamısının qarnı şişib; çalışıb kəndə bir bulaq gətirmək lazımdır. Ə.Haqverdiyev. Kurort şəbəkəsini inkişaf etdirmək üçün mineral bulaqlar, müalicə palçığı yataqları, müalicə nefti və sairə .. olmalıdır. M.Qaşqay.
□ Bulaq başı - bulaq üstü, bulaq kənarı, seyrəngah. Laçın bulaq başına yetişəndə durdu, dörd yanına boylandı. M.Hüseyn. Günəşə çatmağa çalışan bu ağacın altı bulaq başı kimi şənlik olurdu. Mir Cəlal. // məc. Şairanə təsvir və təşbehlərdə. Əldə ayna gözə sürmə çəkəndə; Ala gözün bulağından öpəydim. M.P.Vaqif. Sənin sənət bulağından neçə nəsil şərbət içdi. S.Vurğun. məc. Mənbə, qaynaq, qaynayıb daşan şey. Şərabxanadə baş xum ayağına qoydum; Nə bak düşməyə gər kövsərin bulağı ələ.S.Ə.Şirvani. Neftin bulağını, dağları qoru! R.Rza. □□ Bulaq başına (çaya) susuz aparıb, susuz gətirmək - çox hiyləgər, çoxbilmiş adam haqqında. [Yaqub:] Möhsün bəy və yaxud Həsən bəy kimi hər bir incinarı bulaq başına susuz aparıb, susuz da gətirərəm. Talıblı. Göz bulagı - gözün yaş damcılayan yeri, gözün buruna tərəf olan küncü. Xanpəri .. sağ əli ilə qaşlarına sığal çəkdi, gözlərinin bulağını sildi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|