İzahlı lüğət

CİB

is. 1. Pul və başqa xırda şeylər qoymaq üçün paltara üst və iç tərəfdən tikilən kisəcik. Pencəyin yan cibləri. - Məhəmmədhəsən əmi təzədən kisəni cibindən çıxarıb məşğul oldu çubuğu doldurmağa.. C.Məmmədquluzadə. Yükdaşıyan çamadanı yerə qoyanda Əziz əlini cibinə saldı. S.Rəhman.
Portfeldə, çamadanda və s.-də ayrıca bölmə, göz.
Cibə qoyulan, cibdə gəzdirilən. Cib bıçağı. Cib saatı. Cib dəftəri. - Bu xonçada olar.. bir cift əla tufli, corab, ənlik, rasıq daşı və mazı, iki kisə xına, cib güzgüsü, qayçı. R.Əfəndiyev. Mirzə Cəmil cib dəsmalını çıxarıb gözlərini silə-silə dilləndi.. Ə.Vəliyev.
□□ Cibə zərər vurmaq - çoxlu pul xərcləməyə, maddi zərər çəkməyə məcbur olmaq (ya etmək). Cibində siçan (yel) oynayır cibində pulu olmayan adam haqqında. Cibinə (cibimə) görə deyil - birinin imkanına görə çox baha şey haqqında. Cibinə əl atmaq səxavətə gəlmək. Cibinə qoymaq - mənimsəmək, cibləmək, özü üçün götürmək. [Qaçaq Nəbi] ..fəqir kəndlilərin töycülərini özlərinə qaytarıb, zənginlərin töycüsünü cibinə qoyurdu. E.Sultanov. Cibini boşaltmaq - bütün pullarını xərclətmək, ya xərcləməli olmaq. Cibini doldurmaq - 1) qeyri-qanuni yolla varlanmaq; 2) başqasını varlandırmaq, dövlətləndirmək. A kişi, özgə xərclər dursun kənarda, təkcə ağanın cibini doldurmaq olmur. Ə.Haqverdiyev. Cibini kəsmək - cibindəki pulunu oğurlamaq. Bazarda Mollanın cibini kəsirlər. “M. N. lətif.”. (Öz) cibini güdmək - ancaq öz xeyrini, öz mənfəətini güdmək. [Barat Allahverdiyə:] Bunlar hamısı elə adamların işidir ki, öz ciblərini güdürlər. C.Cabbarlı. Cibinin ağzını (geniş) açmaq (boş qoymaq) - səxavət göstərmək, çoxlu pul xərcləmək, ya xərcləməyə hazır olmaq. Cibinin ağzını sökmək - bax cibinin ağzını (geniş) açmaq. ...büküb cibinə qoymaq - birinin başqasından (ya başqalarından) daha zirək, daha bic, yaxud daha bilikli olduğunu bildirir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......