İzahlı lüğət

ÇIXIŞ

is. 1. Çıxmaq işi, çıxma. Vasya tez-tez bayıra çıxıb, yenə qayıdırdı. Susanna bu çıxışın papiros çəkmək üçün olduğunu duyub dedi.. M.S.Ordubadi.
Çıxmaq üçün qapı, yol və s.; çıxacaq (giriş əksi). Çıxışda gözləmək. - [Usta] ..Tahiri yenə tapa bilməyib, kor-peşman qayıtdı, vağzalın çıxış yolunda dayandı. M.Hüseyn.
İclasda və s.-də söylənilən nitq, məruzə, verilən məlumat və s. Dartıb hədə-qorxu nazirlərinin; Yarımçıq saxlayaq çıxışlarını; Onların parlament alqışlarını. M.Araz.
Çıxış etmək - iclas və s.-də durub danışmaq, nitq və ya məruzə söyləmək, məlumat vermək. [Cəbrayıl Firəngizə:] Müşavirədə kimlərin çıxış edəcəyi sizi maraqlandırırsa, siyahını verə bilərəm.. B.Bayramov.
Çıxma, doğma, doğuş, görünməyə başlama. Ayın çıxışı. - [Vaqif:] ..Günəşin çıxışı ilə batışı gözəl olur, günorta yerində olanda ona heç baxan da olmur. Çəmənzəminli.
İdman və b. yarışlarda iştirak etmə; iştirak. Boksçuların Beynəlxalq yarışlarda çıxışı.
İfa etmə, göstərmə. Mahnı və rəqs ansamblının çıxışı. - Günlərin birində Pavlo sirkdə çıxış edərkən nərdivandan yıxıldı.S.Vəliyev.
// Artistin səhnəyə çıxması. Rejissor (gərdün, yaxud şəbehgərdan) daim iştirak edənlər arasında gəzişərək, əlindəki əsa ilə hər kəsə öz çıxış vaxtını işarə edib bildirir. Ə.Haqverdiyev. [Murad:] Hüseyn, sənin çıxışındır, çıx! S.Rəhman.
Nümayiş.
// Öz tələbini, fikrini, münasibətini camaat, kütlə qarşısında bildirmə. Həsənbəy Zərdabinin bu cəsarətli çıxışlarına qarşı irtica getdikcə güclənirdi. M.İbrahimov.
□ Çıxış etmək - öz tələbini, fikrini, münasibətini kütlə qarşısında çıxıb bildirmək. Öz məqalələrində xalqın taleyi ilə yaşayan jurnalist [Ü.Hacıbəyov] daim xalq adından çıxış edir.. Ə.Sultanlı.
Göyərmə, cücərmə, bitmə. Çıxışların batıqlara; Düşən xəfif kölgələri - Tağlardakı; Oyma “naxış ləpələri”. B.Vahabzadə.
□□ Çıxış yolu məc. - çıxılmaz vəziyyətdən, böhrandan qurtarmaq üçün çarə, yol, əlac, qurtuluş, nicat, xilas. Qətibə çıxış yolu tapa bilmədiyindən, olduğu yerinə qayıtdı və həmişə oturduğu söyüd kötüyünün üstündə oturdu. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......