DƏNİZis. 1. Yer kürəsinin acı-duzlu su ilə örtülü olan və az-çox quru ilə əhatə olunmuş böyük sahəsi, okeanın bir hissəsi; dərya. Qara dəniz. Xəzər dənizi. - Dəniz okeanların az-çox təcrid edilmiş hissələridir ki, bunların özlərinin xüsusi rejimi vardır. “Ümumi fiziki coğrafiya”.
// Acı-şor suyu olan çox böyük göl. Aral dənizi. - Dənizdə tufan qalxır. Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn. // Yer üzündəki okean və dənizlərin məcmusu. Dənizlə Amerikaya getmək. // Süni surətdə düzəldilmiş çox böyük sututar. Mingəçevir dənizi. - Xəritədə Azərbaycan düzlərini sulamaq üçün bu dənizdən çəkilən kanalların şəbəkəsi görünürdü. Ə.Sadıq. □ Dəniz nəqliyyatı - dənizlərdə işləyən nəqliyyat vasitələri (gəmilər və s.). məc. Təşbehlərdə, müqayisələrdə çoxluq, nəhayətsizlik, intəhasızlıq bildirir. Xəyalımız üzəydi sövda dənizlərində; Ləpələr üzərində. M.Müşfiq. Tərlan izdihama yaxınlaşdıqca, elə bil onun qarşısında böyük bir insan dənizi dalğalanırdı. M.Hüseyn. □□ Dəniz tutmaq - gəminin yırğalanması nəticəsində ürəkbulanması və başağrısı şəklində təzahür edən xəstəlik halı. Dənizdə balıq sövdası - ortada mövcud olmayan qeyri-real bir şey haqqında söhbət aparma. Dənizdə balıq sövdası olmaz. (Ata. sözü). Dənizdə bir damcı - müqayisəedilməz dərəcədə az, çox cüzi bir şey haqqında. Paylaşın - Hamı bilsin
|