DƏRİNLİKis. 1. Bir şeyin, üzərindən ta dibinə, yaxud aşağıya doğru gedən istiqamətdəki nöqtəsinə qədər olan məsafə. Quyunun dərinliyi 10 metrdir. - Həbib şumun dərinliyini yoxlayır, Mədəd Həbibin dediklərini bloknotuna qeyd edirdi. Ə.Vəliyev. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq.
// Dərin şeyin halı. Dənizin dərinliyi. Gölün dərinliyi. Bu dərənin dərinliyi adamı qorxudur. // Dərin qat, təbəqə mənasında. Çox uzaqlıq, çox yüksəklik (intəhasızlıq) mənasında. Hava yerin üzündə dəryada su duran kimi durubdur. Bu hava dəryasının dərinliyi 7-8 verstdən ziyadədir. H.Zərdabi. Çamırlı yerdən qalxan buxar dibsiz fəzanın dərinliklərinə uçub getdi. M.Hüseyn. // İç, uzaq tərəflər, içərilər. Rüstəm xeyli zaman çovğunla əlləşə-əlləşə meşənin dərinliyinə girdi. S.Rəhimov. məc. “Qəlbinin”, “ürəyinin” və s. sözlərlə - bir şəxsin daxili duyğuları, hissiyyatı, təəssüratı haqqında. Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış yekrəng olmayan o qiymətli və silinməz xatirələr!.. A.Şaiq. Şair ən inadkar bir çocuq kimi; Endi xəyalının dərinliyinə... S.Vurğun. məc. Ciddilik, dərin mənalılıq, dərin məzmunluluq. Fikrin dərinliyi. Əsərin məzmunca dərinliyi. - Dərinlik çox gözəldir; sadə olarsa; Nə çıxar o şeirdən, başımı yorsa? M.Müşfiq. □□ Dərinlik nasosu tex. - dərin neft quyularından neft çıxaran nasosların xüsusi növü. Hazırda neft quyulardan üç üsulla çıxarılır; fontan, dərinlik nasosu, kompressor. M.Məmmədli. Dərinlik nasosu ilə istismar zamanı bir çox hallarda quyuların təmizlənməsini təxirə salmaq mümkün olmur. Paylaşın - Hamı bilsin
|