DİVARis. [fars.] 1. Binaların üstünü saxlamaq və daxilini bölmələrə ayırmaq üçün müxtəlif tikinti materiallarından çəkilən sədd. Daş divar. Divara kağız çəkmək. Divarın üz tərəfi. - Muxtar əmi evin eşik divarına söykəndi. M.Hüseyn. Divardan asılmış şəkil Əzizi bir az qəmgin elədi. S.Rəhman.
Divar kağızı - suvanmış otaq divarlarına yapışdırılan naxışlı kağız. Divar qəzeti köhn. idarənin, müəssisənin, yaxud məktəbin işlərini, müvəffəqiyyət və nöqsanlarını əks etdirən, divardan asılan qəzet. .. [Dilbər] “Yüksək məhsul” adlı divar qəzetini çıxarmağa çox vaxt sərf edirdi. Ə.Sadıq. Divar peçi (sobası) - divarın içində hörülmüş peç, buxarı. Divar peçləri hələ təzəcə qalanırdı. S.Rəhimov. Divar saatı - divardan asılan saat. Divar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. M.S.Ordubadi. Dəhlizdəki divar saatında on iki olmuşdu. M.Hüseyn. Divar şkafı - divarın içində olan şkaf. Şoferin fikrizikri yenə divar şkafında idi. M.Hüseyn. Həyətlərin (keçmişdə həm də şəhər və qalaların) ətrafını əhatə edən daşdan, kərpicdən və s.-dən tikilən uca barı; hasar. Qala divarı. Kreml divarları. - Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətin hamısını görürdüm. C.Məmmədquluzadə. Müxtəlif qabların, yeşik, çəllək və s. şeylərin yan tərəfi. Çənin divarı. Sandığın divarları. Borunun divarı. // Bəzi bədən üzvlərinin yan tərəfi. Bağırsağın divarları. Göz almasının divarı üç qişadan ibarətdir. məc. Maneə, sədd mənasında. Aramızda bir divar vardır. □□ Divara dirəmək (qısnamaq) - danışıq və ya mübahisə zamanı birini çıxılmaz vəziyyətə salmaq, sıxışdırmaq. Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) xarici aləmlə, heç kəslə əlaqə saxlamamaq. [Asya Gülçöhrəyə:] Sən bu dörd divarın içində kimi görə bilərsən, a yazıq!.. Ü.Hacıbəyov. Paylaşın - Hamı bilsin
|