DOLAŞIQsif. 1. Dolaşmış halda olan, pırtlaşıq, bir-birinə dolaşmış, bir-birinə qarışmış, bir-birinin içinə keçmiş. Dolaşıq ip (sap). Dolaşıq saç.
Düz getməyən, əyri-üyrü, dolanbac. Dolaşıq yol. Dolaşıq küçə. // məc. Çətinliklərlə, maneələrlə dolu; ağır. [Züleyxa] ..həyatın dolaşıq yollarına ayaq basmamışdı. M.İbrahimov. Anlaşılmayan, aydın olmayan, qarışıq. Dolaşıq ifadə. Dolaşıq cümlə. - ..Qəlbimdə ağır-ağır dərdlərim, başımda dolaşıq fikirlərim, xəyalım, hərc-mərc gözlərim ulduzlarda, bir müddət yata bilmədim. A.Divanbəyoğlu. Çox mürəkkəb, aydın olmayan, bəlli olmayan, həlli çətin olan. Dolaşıq məsələ. // İs. mənasında. Aydın olmayan vəziyyət, qarışıq vəziyyət, çətin vəziyyət, iş və s. Bir dolaşığım var, düzəldə bilmirəm. - Yox, Şamo! İndiki dolaşıqda onların içinə girməyi bacarmaq, onlara cürətlə hərəkət etməyi başa salmaq lazımdır.. S.Rəhimov. □□ Dolaşığa düşmək - çətinə düşmək. Dolaşıq düşmək - dolaşmaq. Hatəm dayı.. təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Mir Cəlal. Dolaşıq salmaq dolaşdırmaq, ayıra bilməmək. Yazı-pozu bilməyən Leylək beşliyi, onluğu, bir də yeddi manat yarımlığı dolaşıq salıb hesabı itirməkdən qorxdu. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|