DUL1. sif. Ərinin ölümündən sonra ərə getməmiş (qadın); arvadının ölümündən sonra evlənməmiş (kişi). Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Ata. sözü). Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı-qardaşın. A.Səhhət. [Mirsaqulu] aldığı maaşla iki ailəni; özünü, iki yetimlə dul bacısını saxlayırdı. S.Hüseyn.
□ Dul qalmaq - əri (və ya arvadı) ölmək. [Süleyman:] ..Xala daha bu qədər dul qaldın bəsdir. Ü.Hacıbəyov. Ana tanıyıram iyirmi yaşından, dul qaldı; Bəlalar ötdü başından. B.Vahabzadə. Dul qoymaq - birinin ərini (ya arvadını) öldürmək. is. Dul kişi, ya dul arvad. [Məhərrəm:] Mən dünən də demişəm, Qurban üçün qız az deyil. Birini alıb ölüb. İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|