İzahlı lüğət

DÜŞMƏK

f. 1. Öz ağırlığının təsiri ilə yerə enmək, yuxarıdan aşağıya enmək, tökülmək. Göydən üç alma düşdü... (nağılların sonu). Paraşütlə düşmə. Qayadan dərəyə iri daşlar düşürdü. - Bu zaman bir bomba düşür uzağa; Dalğa vurub onu sərir torpağa. M.Rahim. Qatır hürkdü. Kiminsə tərkindən xurcun düşdü. Mir Cəlal.
// Yuxandan enib bir şeyin üzərində dayanmaq. Şəfqət bacısının
gözlərindən axıb sifəti aşağı yuvarlanan yaş damcılarının birisi Xasayın üzünə düşdü. Ə.Vəliyev.
// Oturduğu, durduğu, ya çıxdığı yerdən aşağıya enmək. Ağacdan düşmək. Pilləkəndən düşmək. Damdan düşmək. - [Salamov Baxşıya:] Daha bu vəzzariyyatı kimə oxuyursan? Düş aşağa, düş, danışma! C.Cabbarlı.
// Dərin bir şeyin dibinə enmək. Dalğıc dənizin dibinə düşdü. Quyuya düşmək.
Heyvan və ya başqa bir minikdən yerə enmək. Atdan düşmək. Arabadan düşmək. Avtobusdan düşmək. - ..Onlar şeylərini götürüb qatardan düşdülər. S.Rəhimov. Maşın adamlardan bir az aralı duranda Kələntər saymazyana düşüb yaxınlaşdı. M.İbrahimov. Fəhlələr qayıqdan düşüb buruğa qalxdılar. M.Hüseyn.
Ayaq üstə dayana bilməyərək yıxılmaq. Qadın özündən gedib yumşaq divanın üzərinə düşdü. M.S.Ordubadi. İstidə tərlədim; Soyuqda üşüdüm; Yürüdüm düşdüm; Qalxdım, yenə düşdüm. R.Rza.
// məc. Yıxılmaq (bu mənada adətən tərkib halında işlənir).
□ Ayağına düşmək (bax ayaq1#).
Nəbini görən kəndli Nəbinin ayağına düşüb müsibəti söyləyir. “Qaçaq Nəbi”. Gül camalın görüb düşsün torpağa; Bülbülü götürüb əfğana gəlsin. Q.Zakir. Yetməz əlim, nə çarə düşəm xaki-payüvə; Bir-bir deyəm sənə ələmü dərdü möhnətim. S.Ə.Şirvani.
// Sərilmək, uzanıb qalmaq, sərələnmək, uzanmaq. Sərvi-qəddin düşübdü xak üzrə.. X.Natəvan.
// Bu və ya başqa bir tərzdə yıxılmaq, yıxılıb qalmaq. Üz üstə düşmək. Böyrü üstə düşmək. - [Ağca xanım] üzü üstə döşəməyə düşüb hönkür-hönkür ağladı. Mir Cəlal.
Özünü bir şeyin üstünə salmaq, yıxmaq, yaxud bir şeyin üstünə əyilmək. Həcər Mehdinin cənazəsi üstünə düşüb, gözyaşlarını bahar buludu kimi axıdır. “Qaçaq Nəbi”.
Sallanmaq, tökülmək. Soltanüşşüəra .. toplanıb dalına düşən qara zülflərinə, .. bütün surət və simalarına tamaşa edirdi. M.S.Ordubadi. ..Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən.
// Çox boş olduğu üçün yerində durmayıb aşağı sürüşmək, enmək, tökülmək. Paltar əynimdən düşür. Örpəyi başından düşdü. - Şirəli başını ovuşdurdu. Şalvarı düşürdü. M.Hüseyn.
Öz-özünə tökülmək, yerindən çıxıb (qopub) düşmək. Dişi düşmək. Dırnağı düşmək. Divarın bir kərpici düşdü. Stolun bir qıçı düşdü. - Dişi düşmüş boz öküz qoşulub cöngələrə. (Ata. sözü).
Bir yerə gələrək orada müvəqqəti yerləşmək, qalmaq, müsafir olmaq, qonaq olmaq. Türkiyədə harada düşmüşdün? Mehmanxanaya düşmək. Qonaqlar bizə düşmüşlər. - Onlar bu gün düşmüşlər çay üstə; Yırtıq alaçıqda gecələyirlər. A.Səhhət. Bir də pristav və naçalnik gələndə Əminin evinə düşərdilər. N.Nərimanov. “Pirçinar”ın yaxınlığında, qonşuların birisi ilə tanış bir kəndlinin evinə düşəcəkdik. S.Hüseyn.
Yağmaq. Bu il bu yerlərə heç yağış düşmədi. - Dağlara qar düşübdü; Üstündən tar düşübdü; Gedərəm, dayanmaram; Yadımayar düşübdü. (Bayatı). Mərəndə təzəcə qar düşmüşdü. M.İbrahimov.
// Qonmaq, çökmək, örtmək. Otların üzərinə şeh düşübdür. Bərk duman düşmüşdü, heç şey görünmürdü.
Yönələrək bir yerə, ya bir şeyin üzərinə yayılmaq, enmək, saçmaq, gəlmək. İşıq düşmək. Kölgə düşmək. Ağacların arasından ayın işığı düşür. - Əziz balalar! ..İndi otağın havasında nə olacağını bilmək istəyirsinizsə, gün pəncərədən otağa düşəndə onun [şəfəqinə] diqqət ediniz. N.Nərimanov. Yenicə çırtlayan günəşin ilk şüaları onların üstünə düşmüşdü. Ə.Məmmədxanlı. Görün, bağa-eyvana sərin kölgə düşəndə; O qız yenə oxuyub şən mahnılar çalırmı? Ə.Cəmil.
Paylaşdırma, təyinat nəticəsində bu və ya başqa bir yerə təyin edilmək, göndərilmək. İnstitutu bitirmiş həkimlərin ikisi Qazaxıstana, üçü Orta Asiya Respublikalarına düşdü. - Sinifdə dərs briqadaları bölünəndə Rübabə Gəldiyevin briqadasına düşdü. Mir Cəlal.
// Bir yerə daxil ola bilmək, yaxud özünü yetirə bilmək, özünü sala bilmək; iştirak edə bilmək, bir yerdə olmağa imkan tapa bilmək. Təntənəli iclasa düşə bilmədim. Yeni tamaşaya güclə düşdüm. O, bu il ali məktəbə düşə bilmədi. Müdirin qəbuluna düşdüm.
Təsadüfi, ya qeyri-təsadüfi bir şeyin içində olmaq, özünü bir şeyin içində görmək. Tora düşmək. Tələyə düşmək. Həbsə düşmək. - 'Bəndü zindani-qəmü möhnətdən olmuşdum xilas; Ah, kim düşdüm yenə, zülfü zənəxdanın görüb. Füzuli. Axırda Naməlsəm məhəlləsindən bir neçə adam qazamata düşdü. N.Nərimanov. Tələyə də bir zorba siçovul çoxdan düşüb gəbərmişdi. H.Sarabski. //Keçmək, çıxmaq, daxil olmaq. ..Ayaqlarım yalın olduğuna görə, yolun kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdanmamış bir cığıra düşdüm. A.Divanbəyoğlu.
Başlamaq, yetişmək, gəlib çatmaq. Soyuqlar düşdü. İstilər düşdü. Sərinlər düşdü. Qış düşdü.
□ Axşam (qaranlıq) düşmək - hava qaralmaq, qaralmağa başlamaq. ..Axşam düşdü, yerə qaranlıq çökdü.
Divanbəyoğlu. Elə qaranlıq düşmüşdü ki, göz gözü görmürdü. Çomağı götürüb yerimdən sıçradım. A.Şaiq. Axşam qaranlığı düşəndə qoyunun sallanaraq çöldən qayıtması ürəyini açan unudulmaz bir mənzərə oldu. M.İbrahimov.
Baş vermək, başlamaq, qopmaq. Dava düşmək. Qarışıqlıq düşmək. Qaçhaqaç düşdü. Səs-küy düşmək. Çaxnaşma düşmək.
Bir neçə vaxt kəndə böyük nizamsızlıq düşmüşdü. N.Nərimanov. Uzun mübahisə və deyişmə düşdü. Mir Cəlal. Deyəsən, yenə gəlhagəl düşdü.. S.Rəhman. Səmada, torpaqda düşür qırhaqır; Yerdən alov yağır, göydən od yağır. M.Rahim.
// Baş verib yayılmaq. Azar düşmək. - Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə çiçək kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırdılar qırılmağa. C.Məmmədquluzadə. [Üçüncü kəndli:] Bir üç il bundan irəli kəndə “xalyar” naxoşluğu düşmüş idi. Ə.Haqverdiyev.
Başlamaq, şüru etmək, girişmək, iqdam etmək. Pırpız Sona çəpik çalır, Molla Abbas düşür oynamağa. C.Məmmədquluzadə.
Bərqərar olmaq, meydana gəlmək, olmaq. Sakitlik düşmək. - [Əmi:] Ancaq bir az səbir lazımdır. İşlər hamısı düzələr, barışıq düşər. N.Nərimanov.
Çatmaq, yetişmək. Bir azdan [Rüstəm] dərənin içinə düşdü. S.Rəhimov. Mənim düşdüyüm stansiya balaca bir yer idi. İ.Əfəndiyev. Kəndə axşam düşdüm. S.Rəhman.
Dərəcəsi, şiddəti, səviyyəsi, miqdarı və s. azalmaq, əskilmək, zəifləmək, enmək. Suyun səviyyəsi yavaş-yavaş düşür. Havanın temperaturu çox düşmüşdür.
// Gücü, qüvvəti azalmaq, üzülüb əldən düşmək, qüvvətini itirmək.
// Seyrəkləşmək, zəifləmək. Ürəyinin fəaliyyəti düşmüşdür. Nəbzi düşmüşdür.
// Təzyiqi azalmaq. Barometr düşür. Qan təzyiqi düşmüşdür.
// Ucuzlaşmaq, aşağı enmək. Qiymətlər aşağı düşmüşdür. Birjada aksiyalar düşdü.
// Öz qiymətini, əhəmiyyətini, dəyərini, etibarmı itirmək, alçalmaq. Kollektivin nəzərindən düşmək.
İtirmək, qeyb etmək, məhrum olmaq. Hörmətdən düşmək. Gözəllikdən (təravətdən) düşmək. - Ey bürci-səltənət mahi-ənvəri; Düşməyəsən, görüm, ziyadən səni. Q.Zakir. Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan təravətdən düşürdü. S.Hüseyn. Onlar ilə tez-tez vuruşmasaq biz; Dava vərdişindən düşərik təmiz. H.K.Sanılı.
// Bir hissin keçib getdiyini, yox olmasını bildirir. Həvəsdən düşmək. Könüldən düşmək. - Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. M.S.Ordubadi.
// Məhrum olmaq, əlindən çıxmaq. [Müqim bəy] dünən pristavlıq rütbəsindən düşəndə dayana bilmirdi, bəs bu gün qəza rəisliyindən düşsə necə dayanacaqdı?! S.Rəhimov.
Yorğunluqdan, soyuqdan və s.-dən keyimək, üzülmək, tabsız olmaq, taqətini itirmək. Soyuqdan barmaqlarım düşdü.
[Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.
Təsadüf etmək, təsadüf olmaq, rast gəlmək, vaqe olmaq. Yolum düşdü, gəldim. Kitab düşdü, aldım. - Baba, bu gün bizim xanəmizdə nadir bir ittifaq düşdü. M.S.Ordubadi. [Aydəmir:] Mən bir işə min bir adam qarışdırmaq istəmirəm, işdi düşdü, vuruşduq. Cabbarlı.
// Keçmək, təsadüf etmək.
Bəxtinə çıxmaq, payına çıxmaq, qisməti olmaq. Uduş 35 nömrəli biletə düşdü. Mükafat kimə düşdü? Püşk ataq, kimə düşərsə, o getsin.
Çatmaq, yetişmək, yaxud çatmalı, yetişməli olmaq. Adam başına neçə düşür? Hərəyə üç manat düşür. - Nurəddin öz-özünə deyir: - Demək ki, mən ölsəm, malım Gülpəriyə düşəsidir... Bu sadə fikri mən indiyə kimi niyə anlamamışam? S.S.Axundov.
Xeyri olmaq, xeyir vermək, faydası olmaq, köməyi olmaq, yaxşı təsir etmək, yaramaq. Bu dərman mənə düşmür. Dəniz havası xəstəyə yaxşı düşür. Oranın suyu bizə düşmədi. Orduda xidmət etmək ona düşdü. -Düşmədimi o ruh açan, canverici hava sənə? Ə.Nəzmi.
// Xoşbəxtlik, rifah gətirmək, şükümlü olmaq. Oraya getmək mənə düşmədi.
Uyğun olmaq, uymaq, münasib olmaq, uyğun gəlmək, düz gəlmək, yaraşmaq. Açar qıfıla düşmür.
// Tutmaq, yaraşmaq, uyuşmaq. [Mayanın] başında paltosunun rənginə düşən ipək yaylıq vardı. M.İbrahimov.
Sayılmaq, olmaq, münasib olmaq. Mənim deməyim pis düşər. Bu, heç yaxşı düşmədi. - Mənim ərizə verməyim yaxşı düşməz. Ə.Sadıq.
Aid olmaq, üzərində yük olmaq, yüklənmək, üzərində qalmaq. Üzərinə məsuliyyət düşmək. Bütün qayğı onun üzərinə düşmüşdür. İşin çətinliyi bizim üzərimizə düşəcəkdir.
Hər hansı bir vəziyyət, şərait və s. içərisində olmaq; uğramaq, düçar olmaq, giriftar olmaq. Bəlaya düşmək. Fəlakətə düşmək. Qaranlığa düşmək. Soyuğa düşmək. Küləyə düşmək. Xəstəliyə düşmək. - [Ələkbər:] ..Hər kim bu arvadın üzünə baxsa, sill azarına düşər. N.Vəzirov. ..Çıxılmaz bir uçuruma düşdüyünü anladıqca dərd [Səriyyənin] ürəyini sıxırdı. M.İbrahimov.
□ Ayrı düşmək, aralı düşmək, uzaq düşmək
uzaqlaşmaq, bir-birini görməmək, əlaqəni itirmək. Taki səndən düşəli ayru, əya ruhirəvan; Gözümün yaşı mənim qətreyi-baran kimidir. Xətayi. Necə ağlamayım mən, ağlamazmı; Bir kəs ki yarından uzağa düşər? Q.Zakir.
// Bir hal almaq, bir şəkil almaq. Çimənlərin bədənləri istidən mis rənginə düşmüşdü.
Avara-sərgərdan dolaşmaq, gəzmək (bu mənada adətən tərkib halında işlənir).
Küçələrə düşmək. Çöllərə düşmək. - [Kərəm:] Oldum xərabati, düşdüm səhraya; Xərabat əhlinəyol nəyə lazım? “Əsli və Kərəm”. Səbr eyləmədi bu dərdü-dağə; Qatlanmadı, düşdü daşə-dağə. Füzuli. Bu bağda biz ol güli-rənadan usandıq; Divanə olub daməni-səhralara düşdük. S.Ə.Şirvani.
Bu və ya digər bir hissə qapılmaq, onun həvəsində olmaq, bir şeyin xəyalında olmaq. Niyyətə düşmək. Həvəsə düşmək. Eşqə düşmək (aşiq olmaq, vurulmaq). - [Kərəm:] Qürbət eldə məlul, məhzun qalmışam; Eşqinə düşəli Məcnun olmuşam. “Əsli və Kərəm”. Düşdü yenə dəli könül gözlərinin xəyalinə. Nəsimi. Nəbi nökərçiliyin “ləzzətini” gördüyü üçün rəncbərlik etmək fikrinə düşür. “Qaçaq Nəbi”. Neçə ildir ki, [Məhəmmədhəsən əmi] də ömrünün sonunda Kərbəla ziyarəti qəsdinə düşüb. M.İbrahimov.
Qabağınca, dalınca, ya yanınca getmək, qoşmaq. Qabağa düş, yol göstər. İrəli düşmək. Dalınca düşmək (izləmək, təqib etmək). Yanına düşmək (yanınca getmək).
[Rəsul:] Düş qabağımıza, bizi apargilən qəhvəxanaya. “Aşıq Qərib”. Pişxidmətbaşı və Xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə. [Fərhad] tez durub özünü bulvara salır, gah o qızın, gah bu qızın dalınca düşürdü. C.Cabbarlı. [Bəbir bəy:] Bəs [Qumru] məni qoyub, yamacın rəncbərinin dalınca niyə düşsün? Mir Cəlal.
Bir şey üçün hədəf olmaq (bu mənada adətən tərkib halında işlənir). Qız qayınqudanın, qayınatanın, baldızın, qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. H.Sarabski.
Keçmək. Bir əlimə düşəydi... - Biçarə insanlar bir seydi-məzlum və qafil deyillərmi ki, anadan olan gündən təbiət səyyadının çənginə düşür, bir də dünyanı tərk etməklə ondan xilas olurlar? C.Cabbarlı.
məc. Özünə fikir verməyərək, simaca və mənən acınacaqlı, düşkün bir hal almaq. Axır zamanlar o, çox düşmüşdür.
// Cismən zəifləmək, arıqlamaq; qocalmaq. Atan necədir? Çox düşməyib ki? İ.Əfəndiyev.
Vaqe olmaq, yerləşmək. Kənd yolun sağ tərəfinə düşür. Düz baxanda klub sol tərəfə düşür. Arada bir dağ düşüb. - Hər il bu zaman yolun ətəklərinə qədər çadırlar, obalar düşərmiş. Mir Cəlal.
Əmələ gəlmək, düzəlmək, salınmaq. Meşədən cığır düşübdür.
Sataşmaq, dəymək, görmək. Gözü qarşıdakı adama düşəndə duruxdu.
Yayılmaq, eşidilmək. Kəndə küy düşdü. Belə şayiə düşüb ki... - Nağara-zurna səsi ensiz çayın kənarından ucalıb qalxan sıldırım qayaya düşüb .. yatmışları da oyatmaq istəyirdi. Ə.Əbülhəsən. Şəhərə böyük bir səs düşdü. S.Rəhman.
Birinci dəfə yem yeməyə başlamaq. Quzu ota düşüb.
Düşdükcə şəklində - təsadüf etdikcə, rast gəldikcə. Bizə lazım olan şeyləri düşdükcə ondan-bundan və birparasını pul ilə Quba meydanından aldıq. C.Məmmədquluzadə.
Düşəndə şəklində - vaxt, fürsət, imkan olanda, təsadüf gətirəndə, yeri gəldikcə, arabir, ara-sıra, bəzən, gah-gah. Düşəndə bir bizə də gəl. - Düşəndə gah-gah sərəfraz eylə; Saf unutma bu Zakiri, mürvətdi. Q.Zakir. Hər kağızın birinə məşədi iki qəpik, üç qəpik, ya düşəndə bir şahı alır. C.Məmmədquluzadə. [Dərviş:] Mən də düşəndə bir sizin yanınıza gəlib, keçmiş macəralardan nağıl edərəm. Ə.Haqverdiyev. [Nadir] Məstan bəyin küçəsindən keçməzdi və düşəndə Zeynəbi yalnız arabir kəndin kənarında və ya bulaq başında görərdi. B.Talıblı.
Düşsə şəklində - təsadüf etsə, rast gəlsə, imkan olsa. Düşsə, mənə də al. [Əhməd] cığırla darılığa doğru gedir, rastına düşsə, Kürün o üzündən uçub dənlənməyə gələn qırqovullardan birini vurmaq istəyirdi. İ.Şıxlı.
Nə düşüb, nə düşüb ki şəklində - nə dəxli var, nə aidiyyəti var, nə münasibəti var, səbəb nədir (ki), nə səbəbə (görə), nə işinə gərək, dəxli yoxdur, aidiyyəti yoxdur. Sənə nə düşüb... Ona nə düşüb... - [Cəmil:] Axı mənə deyən gərək, sənə nə düşüb ki, naşükür adama yaxşılıq edirsən? M.Hüseyn.
Bir çox isimlərə qoşularaq, müxtəlif ifadələr düzəldilir: məs.: gözü düşmək (bax göz), ürəyi düşmək (bax ürək), əldən düşmək (bax əl), bərkə düşmək (bax bərk), əl-ayağa düşmək (bax əl-ayaq).
□□ Düşər-düşməzi olar - nəticəsi, aqibəti bəlli olmayan, yaxud şübhəli olan şey haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DOL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed