ƏBƏDİsif və zərf [ər.] 1. Daimi, həmişəlik. Şair könlüm rübabını eşq ilə çaldı; Biz əbədi qardaş olduq: ilk bahar və mən. S.Vurğun. Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur.. M.Rzaquluzadə. // Ölməz, daim yaşayan. Bu odlu nəğmələrdən; Parlaq, sönməz bir məşəl; Bu rəngin lövhələrdən; Qur əbədi bir heykəl. A.Şaiq. Mən elə bildim ki, ürəyim acdır; Məhəbbət əbədi bir ehtiyacdır. S.Vurğun. // Sonsuz, intəhasız, mütləq.
2. Bax əbədən. Əbədi bizə gəlməyib. Əbədi xəbərim yoxdur. □□ Əbədi istirahət evi tənt. - qəbir. Əbədi yuxu - ölüm. Afaq dodaqlarında təbəssüm, ölüm adlanan əbədi bir yuxu içində idi. Ə.Məmmədxanlı. Əbədi yuxuya getmək, gözlərini əbədi yummaq, əbədi susmaq - ölmək, keçinmək. Qız tab eləməyib, yerə dəydi, .. əbədi olaraq susdu. T.Ş.Simurq. Neçə gündür ki, şanlı Bakı əbədi yuxuya gedən xalq şairinə öz kədərli köksündə layla çalır. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|