ƏLACis. [ər.] 1. Bir xəstəliyin sağalmasına kömək edən hər bir şey; dərman, dava. Hazır əlaclar var. - Firuzə xəstəni bir an gözdən qoymurdu, həkimin yazdığı əlacı vaxtlı-vaxtında içirir və üstündə gecə-gündüz yarpaq kimi titrəyirdi. A.Şaiq. [Sadıq kişi:] Ay usta Hüseyn, bizim Məmmədvəlinin burnu qanıyıb, nə əlac edirik, qan kəsilmək bilmir. C.Məmmədquluzadə.
2. Tədbir; vasitə. Bu işi yoluna qoymaq üçün bir əlac axtarmalı. - Der: - Qanda bulum əlacın, ey yar? Kimdən yetə ehtiyacın, ey yar? Xətayi. // Çarə. [Ağa Kərim xan:] İt hürdükcə qaçıram bağa, əlac nədi, qorxuram. N.Vəzirov. □ Əlac etmək - müalicə etmək, sağaltmağa çalışmaq. Əlac vermək (etmək, tapmaq) - vəziyyətdən qurtarmaq, çıxış yolu tapmaq (göstərmək), çarə tapmaq. [Aslan:] Yox, böylə deyil, buna bir əlac tapmalıyıq. İ.Musabəyov. [Birinci kəndli:] Əlac elə, aşağı bağlar əldən getdi. H.Nəzərli. Bəlkə tez gələsən, əlac verəsən; Sünbülün saçını yığıb hörəsən. N.Rəfibəyli. Əlacı kəsilmək (üzülmək) - çarəsi kəsilmək, çarəsiz qalmaq. Nə qədər güc vurdu, götürmədi əl; Kəsildi əlacı, qaldı məəttəl. Q.Zakir. Əlacım hər tərəfdən kəsildi, bir təbəqə kağızı qoydum qabağıma, dedim, indi söylə, mən yazım. Qantəmir. Paylaşın - Hamı bilsin
|