ƏSƏRis. [ər.] 1. İz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalmamaq. Yorğunluqdan əsər yox idi. Üzündə həya əsəri yoxdur. - Cırıldayan arabanın çərxləri; Qazmış yolu, yerdə qalmış əsəri. A.Səhhət. Könlündə qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal buza döndü. M.Rahim. İnsan əməyi, insan yaradıcılığı, icadi məhsulu. İncəsənət əsərləri. Heykəltəraşlıq əsərləri. Memarlıq əsərləri. İxtiraçıların əsərləri. Musiqi əsərləri. // Yazılı əmək məhsulu; ədəbi, elmi kitab, məqalə və s. Bədii əsər. Füzulinin əsərləri. Kimyaya dair əsər. Əsərlər külliyyatı. Elmi əsərlərin nəşri. - Buna görə də sizin mənə tövsiyə etdiyiniz “Məmunun xülasələri” adlı əsəri açıb məşğul oldum. M.S.Ordubadi.
Təsir. Bu hadisənin ona heç bir əsəri olmadı. - Bunlar hamısı qohumluğun əsərləridir! C.Məmmədquluzadə. □ Əsər eləmək (etmək) - təsir etmək. Nə üçün söz sənə əsər eləmir. - Ol səngdilə naleyi-zarım əsər etmiş. Füzuli. Sənin də başında məhəbbət beyni; Əgər olsa, eylər əsər, ağlarsan. M.V.Vidadi. Sözün ona etməz əsər; Aralıqda başın gedər. A.Şaiq. Bax asar. Yadigar mənasında. Yaxşı övlad ataana üçün ən əziz bir əsərdir. □□ Əsəri gəlmək dan. - isitmə dayanandan sonra, yüngülcə və az zaman titrəmək. Əsəri gəlmiş, indi ötəcək. Paylaşın - Hamı bilsin
|