İzahlı lüğət

ƏZİZ

sif. [ər.] 1. Sevimli, istəkli, ürəyə yaxın. Əziz oğul. Əziz yoldaş. Əziz dostlar! [Yusif:] Açım kağızı, görüm, mənim əziz nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis rəfitarını görüb Əsgəri sevmirdi. C.Cabbarlı. // Mehriban, məhəbbətli, şəfqətli, sevən. Balamsan sən, nəyimsən? Arxamsan, köməyimsən; Mən sənin əziz anan; Sən mənim diləyimsən. (Layla). □ Əziz olmaq - hörmət bəslənilmək, hörmət edilmək; əzizlənmək. Oğul! Bir qayda var eldəobada; Qonaq əziz olar, qaçaq olsa da. S.Vurğun. Əziz tutmaq - 1) çox istəmək, hörmət bəsləmək, qayğı bəsləmək. ..Şəhrəbanu arvad Qəhrəmanı oğul və nəvələrindən əziz tuturdu. S.Rəhimov. Camaat Səttarzadənin xətrini əziz tutur. Mir Cəlal; 2) hörmət və ehtiram bəsləmək. Bayramı əziz tutmaq. // Ərköyün, ən istəkli. Ananın əziz qızı. // Ən qiymətli, ən dəyərli, ən istənilən. Əziz ömrüm. - Sevdiyin əziz bir şeyə and iç! M.S.Ordubadi. Mən ona əziz şey kimi baxmırdım. Mir Cəlal. // Doğma, çox yaxın, çox sevilən. Əziz ev. Əziz ailə. Əziz yurd. // Mübarək, ən hörmətli, müqəddəs. Bu əziz adla çiçəkləndi könüllərdə bahar; Bir qonaqdır əbədi, məncə, bu ellərdə bahar. S.Rüstəm. Bu əziz bayram günü, adın çəkiləndə; Kim duymayır qəlbinin həyəcanla vurduğunu? R.Rza. Ən çox istənilən, ən çox tələb olunan, ən çox sevilən. [Heydər bəy:] Hər nə isə, başa düşürsənmi ki, burada firəng çiti nə əzizdir? M.F.Axundzadə. // Az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli sayılan. Nə qədər şirindir qəlbə məhəbbət; Ömrün mənasıdır bu əziz nemət. S.Vurğun. Ömrümün üstünə bir əlli də artırsan əgər; Heç silinməz ürəyimdən o əziz, xoş dəmlər. S.Rüstəm. □ Əziz olmaq - az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli, hörmətli olmaq, müqəddəs bir şey kimi baxılmaq. Pul əziz olmuş cahan əhlinə o qayətdə kim; Ta sanıblar əskinası Cəbrailin şahpəri. S.Ə.Şirvani. Əzizim şəklində - 1) nəvazişlə müraciət. Əzizim, gəl gedək. - Bu bədbəxtin halətindən, əzizim; Bari o vilada olgil gözqulaq. Q.Zakir. [Turxan bəy:] Gedə bilərsən, əzizim! H.Cavid. Mina cavab verdi ki, əmin olunuz, əzizim! İ.Musabəyov; 2) bax əziziyəm. Əzizim, söz deməkdən; Yoruldum söz deməkdən; Nə sən yoldan yoruldun; Nə mən yol gözləməkdən. (Bayatı). // Əziziyəm şəklində - bayatıların başında gələn ilk söz. Əziziyəm, dilən, gəz; Bağda gülə dilən, gəz. Qürbətdə xan olunca; Vətənində dilən, gəz. (Bayatı). Əziz başın üçün - birini inandırmaq üçün and məqamında işlədilir. Əziz başın üçün gələcəyəm. - Əziz başın üçün, oxu yazdığım; Agah ol halımdan gahbagah mənim. Qurbani. Əziz olasan - təşəkkür ifadəsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed