İzahlı lüğət

FİKİR

is. [ər.] 1. Düşünmə, düşüncə, təfəkkür; təfəkkür prosesi.
Niyyət, məqsəd, məram. Fikrini başa düşmək. Fikrini anlatmaq. Getməkfikrindən daşınmaq. - [Süleyman:] Yaxşı, xala, bəs sənin fikrin? Ü.Hacıbəyov. Qızın fikrində bunların heç biri yox idi. Mir Cəlal.
Fikirləşmə, düşünmə, mühakimə nəticəsində hasil olan qənaət, ideya. Dərin fikir. Maraqlı fikir. Ciddi fikir. Boş fikir. Ağlıma belə fikir gəldi. - [Sərvər:] Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm. Ü.Hacıbəyov.
Rəy, görüş, mülahizə. Nə fikriniz var? Bu barədə fikrin nədir? - [İkinci fəhlə:] Gedək görək camaatın fikri nədir? H.Nəzərli. [Qoşqar:] Soyuqqanlı fikir mübadiləsi olmayan yerdə heç vaxt ümumi işə xeyir dəyməz, yoldaş Əmirli! İ.Hüseynov.
Bilik. Elmi fikir. Bədii fikir.
Adamın ağlını məşğul edən şey, daim düşünülən şey (bəzən “fikir-zikir” şəklində işlənir). Öz fikirləri ilə məşğul olmaq. Fikrindən ayrıla bilməmək. Fikri özgə yerdədir. Başında ancaq bir fikir var: - Uçmaq! Uşağın fikri oynamaqda qalıb. - Mirzə Cəmilin dedikləri Ataşın başına girmirdi, çünki bütün fikri-zikri Qönçənin yanında qalmışdı. Ə.Vəliyev. Cəmilə Manafovanın isə fikri-zikri kitabdır. H.Seyidbəyli. Hafizə qüvvəsi, yaddaş, xatır. Fikrimdə qalmadı. Fikrindən çıxmaq. Fikrində saxlamaq.
Əqidə, görüş, baxış. Fikrinlə razı deyiləm. - [Vəzir:] Mən də o fikirdəyəm. Ü.Hacıbəyov.
Fikrimcə, fikrincə, fikrimizcə, fikrinizcə və s. şəkillərdə - məncə, mənə görə; səncə, sənə görə; bizcə, bizə görə; sizcə, sizə görə. Sonanın fikrincə, Bahar hər incə mətləbi gözdən oxuyan bir qızdı. B.Bayramov.
□□ Fikir aparmaq (götürmək) - 1) bir şey, hadisə haqqında fikir etmək, fikirləşmək, fikrə getmək, fikrə dalmaq, düşünmək. Fikir məni apardı, heykəl kimi dayandım. M.Rahim. Qız danışdıqca məni fikir aparırdı. M.İbrahimov; 2) təşvişə düşmək. Fikir çəkmək - 1) dərd çəkmək, ruhən iztirab çəkmək, narahat olmaq. [Gültəkin Aydına:] Paltar da istəmirəm, təki sən fikir çəkməyəsən, nə eləyirəm paltarı? C.Cabbarlı; 2) gələcəyi haqqında fikirləşmək, taleyini düşünmək. Fikir dəryasına qərq olmaq çox dərin fikrə getmək, fikrə dalmaq. Fikir eləmək (etmək) - 1) fikirləşmək, düşünmək. [Mozalanbəy:] Bu gecə dürüst fikir elə, peşman olmazsan. Ə.Haqverdiyev; 2) bir şeyin fikrini çəkmək, bir şeyin dərdinə qalmaq. Çox fikir eləmə... - [Gülnisə Bəhrama:] Vallah, öz qızımçın nə qədər fikir edirəmsə, sənin üçün də o qədər fikir edirəm. C.Cabbarlı. Fikir götürmək fikrini məşğul etmək, fikrə qərq olmaq, təşvişə, narahatlığa səbəb olmaq. Ənuşirəvanı fikir götürdü, çünki onun heç övladı olmayırdı. (Nağıl). Fikir vermək - fikrinə qalmaq, diqqət vermək, diqqət yetirmək, qayğı göstərmək, qeydinə qalmaq. Ekskavatorçular .. çox qazmağa çalışmaqla bərabər, yanacağa qənaət etməyə də xüsusi fikir verirdilər. Ə.Sadıq. [Həsrət Hümmətə:] Indi camaatın yaşayışına fikir vermək lazımdır. B.Bayramov. Fikir verməmək əhəmiyyət verməmək, qulaqardına vurmaq, etinasızlıq göstərmək. O, deyilənlərə fikir vermir. - Bəy arvadın yalvarışına fikir vermədi. Ə.Abasov. Fikir yürütmək - bir şey haqqında fikir irəli sürmək, fikir söyləmək, yeni söz demək. Fikrə dalmaq bax fikrə getmək. [İsmət:] Keçən gecə bir xeyli fikrə daldım; Düşündüm, düşündüm, uyqusuz qaldım. H.Cavid. Şəkərəli böyük bir fikrə dalaraq irəliləyir və sürüdən dala qalan qoyunların qılcalarına əlindəki ağacını endirirdi. T.Ş.Simurq. Fikrə düşmək - bir iş görmək qərarına gəlmək, niyyətində olmaq. [Abbas:] Sizin fikriniz başqadır, elə fikrə düşməyin. “Abbas və Gülgəz”. [Müəllimin] qarşısını alan, hətta başqa fikirlərə düşməsinə yol verməyən ancaq Telliyə qarşı bəslədiyi hörməti, səmimi bir məhəbbəti idi. S.Hüseyn. Fikrə getmək - fikirləşmək, düşünmək. Bir an fikrə getdikdən sonra [yolçu] yenə qaranlığı yarıb irəli getməyə başladı. Ə.Məmmədxanlı. Fikrə gəlmək - qərara gəlmək, qət etmək. [Məsmə:] Mən qəti bir fikrə gəldim. S.Hüseyn. Fikrə qərq olmaq - bax fikir dəryasına qərq olmaq. Bu halda Zeyd ki o da Leylaya aşiqdir, xəyal və fikrə qərq olmuş bir surətdə zahir olub deyir.. Ü.Hacıbəyov. Fikrə salmaq - fikirləşməyə, fikrə getməyə, düşünməyə məcbur etmək. Rüstəm bəy Məcidi nəzərdən keçirdi, onun sadəlövh siması və axmaq sözləri Rüstəm bəyi bir az fikrə saldı. Çəmənzəminli. Fikri dəyişmək
əvvəlki fikrindən əl çəkib ayrı fikrə düşmək, rəyini dəyişmək. Bir il o dağılmışda qalıb var-yoxu qandı; Az vəqtdə fikri dəyişib, rəyi dolandı. Ə.Nəzmi. Fikri dolanmaq- b ax fikri çaşmaq. [Sərvinaz Əsədə:] Ağlına gələn dağa-daşa, ay kişi, yenə fikrin
niyə dolanıb? B.Bayramov. Fikri özündə olmamaq - dalğın, fikri dağınıq halda olmaq. Fikrində durmaq - bax fikrinin üstündə durmaq. Kazım .. yenə fikrində durub dedi.. Mir Cəlal. Fikrində (fikrinə) qoymaq - qərara gəlmək, qərarlaşdırmaq. [Qurbani] fikrində qoymuşdu ki, gedib qonşunun həyətində gizlənsin.. “Qurbani”. Molla fikrinə qoyur ki, sövdəgərə bir-iki şirin söz desin. “M.N.lətif.” Fikrindən daşındırmaq - fikrindən əl çəkməyə məcbur etmək, fikrini dəyişdirmək. [Əbülhəsən bəy:] O səsin qüvvəti.. məni qayıdıb getmək fikrindən daşındırdı. M.S.Ordubadi. Fikrindən daşınmaq - fikrindən əl çəkmək, niyyətindən, istədiyi şeydən vaz keçmək, fikrini dəyişmək. Qoca kişi .. qapını açıb içəri girmək, palaz atıb taxtın üstündə uzanmaq fikrindən daşındı. İ.Şıxlı. Fikrindən dönmək - fikrindən əl çəkmək, fikrindən qaçmaq, dəbbələmək. Zəfər fikrimdən dönə biləcəyimi görüb qəribə bir çevikliklə məndən aralandı. M.Hüseyn. Fikrindən keçirmək - xəyalən yadına salmaq, xəyalından keçirmək, təsəvvürünə gətirmək. Düşündü yazıqlar gələn boranı; Keçirtdi fikrindən dağı, aranı. H.K.Sanılı. İdris bütün bunları bir anda fikrindən keçirirkən alman tankı artıq komanda məntəqəsinə yaxınlaşmışdı. Ə.Məmmədxanlı. Fikrindən keçmək - 1) xəyalından keçmək, xəyalən yada salmaq, arzulamaq. Göy üzündə görür-görməz hilalı; Keçər fikrimdən yarın xəyalı. H.Cavid; 2) fikrən bir şeyi arzulamaq, ürəyindən keçmək. Aşıq Ələsgərin fikrindən keçdi ki, bu gözələ bir tərif desin. “Aşıq Ələsgər”. Fikrinə düşmək - bir iş görmək qərarına gəlmək. Kişi qonaqlıq fikrinə düşdü. Mir Cəlal. Fikrinə gəlmək - 1) ağlına gəlmək, təsəvvürünə, xəyalına gəlmək. Fikrinə min cür şeylər gəlir; 2) qərara gəlmək. İslamın fikrinə gəlmişdi ki, yuxarı kəndə getsin. S.Hüseyn. Fikrinə (fikrimə) gətirmək təsəvvürünə gətirmək, təsəvvür etmək, mümkün hesab etmək. Belə bir növ fikrimə gətirə bilərəm ki, məsələn, 100, 200, 500 adam biryerdə necə otururlar?.. H.Nəzərli. Fikrini açmaq - fikrində olanları açıb söyləmək, niyyətini bildirmək, ürəyini açmaq. Telefonda fikrimi açarkən sənə; Həsrətlə baxdığım üzün də bəlkə; Uzaqdanuzağa görünər mənə. M.Müşfiq. Fikrini azdırmaq - azdırmaq, karıxdırmaq. Mən yolumu azmadım; Mənə “Az!” deyənlərin; Fikrini azdırmışam. B.Vahabzadə. Fikrini çəkmək - 1) qayğısına qalmaq, qeydinə qalmaq, haqqında düşünmək. [Bəhram Pəriyə:] Əlbət ki, ana öz övladının fikrini hamıdan artıq çəkir. C.Cabbarlı. [Gülzar Bəhruza:] [Atan və Fərhad] da sənin fikrini çəkirlər, bala. Ə.Məmmədxanlı; 2) narahat olmaq (bir adam haqqında). Fikrini dağıtmaq - 1) dərdini, kədərini dağıtmaq, kefini açmaq, şənləndirmək, pis fikirlərdən uzaqlaşdırmaq. Qızlar Pərinin fikrini dağıtmaq üçün çalıb-oynadılar.. “Abbas və Gülgəz”; 2) fıkirləşməsinə, fikrini toplamasına mane olmaq, fikrini bir yerə yığmağa qoymamaq, fikrini yayındırmaq. Səsküy adamın fikrini dağıdır. Fikrini dəyişmək - b a x fikri dəyişmək. İzzət qarı obaya yaxınlaşıb dincini almaq istədisə də, lakin üfüqdə qızartı işarəsi görüb fikrini dəyişdi.. Ə.Məmmədxanlı. Fikrini yayındırmaq - qəsdən birinin diqqətini başqa şeyə cəlb etmək. Cavahirin fikrini yayındırmaq .. üçün Ləman böyük fədakarlıq göstərir. H.Seyidbəyli. Fikrinin üstündə durmaq - öz dediyində israr etmək, sözünün üstündə durmaq, fikrindən dönməmək. [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed