GƏRGİNsif 1. Gərilmiş halda olan; tarım, dartılmış, tarım çəkilmiş. Gərgin iş. Gərgin sim. // məc. Gərginlik halında olan. Gərgin əzələlər. Əsəbləri gərgin halda olmaq. - Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq.
Böyük və arasıkəsilməz iş, zəhmət və enerji tələb edən; intensiv. Gərgin zəhmət. Bol məhsul götürmək üçün gərgin iş, səmərəli əmək tələb olunur. Ə.Vəliyev. Mədədov taqımla gedəndən sonra, .. səbirsizliklə cəbhənin gərgin vuruşmalar gedən sahələrinə göndəriləcəyini gözlədi. Ə.Əbülhəsən. Gərgin işlə açırsan; Son zamanlar səhəri. M.Seyidzadə. // Zərf mənasında. Bayaqdan bəri qaşlarını çatıb gərgin diqqətlə qulaq asan Qaraş heyrətlə bir atasına, bir də anasına baxdı. M.İbrahimov. [Çiyələyin] əlləri böyük çeviklik, səliqə göstərsə də, ürəyi, fikri də aydın, gərgin işləyirdi. B.Bayramov. Çətin, ağır; həllini (çıxış yolunu) tələb edən. Gərgin vəziyyət. Gərgin beynəlxalq münasibət. məc. Ağır, sıxıntılı, ciddi, çətin, gərginliklə keçən. Gərgin daxili həyəcan. - Həmin bu gərgin dəqiqələrdə Ciminin çöhrəsi sədrin hər hərəkətini təəccüblü bir həssaslıqla əks etdirirdi. İ.Əfəndiyev. Ölkə müharibə dövrü üçün çox təbii olan son dərəcə gərgin, həyəcanlı bir vəziyyət keçirirdi. Ə.Əbülhəsən. □ Gərgin olmaq - ağırlaşmaq, vəziyyəti pisləşmək, pozulmaq. Nəcəfi bəyin haləti gərgin olub, tez-tez otaqda var-gəl edib sonra gəlir. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|