GÖZALTI1. is. Sonradan almaq və ya ərə getmək üçün nəzərdə tutulan qız, yaxud da oğlan. Əlbəttə, heç bir gözaltın varmı? Ə.Sadıq. [Süsənbər Səməndərə:] Sözümə cavab vermədin, axı, bəlkə gözaltın var? Bayramov. □ Gözaltı etmək (eləmək)
1) sonradan almaq və ya ərə getmək, yaxud bir şeyi sonradan əldə etmək üçün nəzərdə tutmaq. Qızı gözaltı etmək. - Tahir anasının kənddə gözaltı elədiyi qızı yox, Lətifəni sevdiyini yazmışdı. M.Hüseyn. [Gülnaz:] Sən də birini gözaltı eləyib onun haqqında fıkirləşərdin. H.Seyidbəyli; 2) nəzərdə tutmaq, göz qabağında tutmaq, qabaqcadan bilmək. [Kərbəlayı Məmmədəli:] Bilirsinizmi ki, oğurluq eləyən gərək binamusluğu da gözaltı eləsin. N.Vəzirov. Cuma .. özünə tay olacaq bir əsgər.. gözaltı eləməyə çalışacaqdı. Ə.Əbülhəsən. zərf Başqasına bildirmədən, hiss etdirmədən; gizlincə. Gözaltı nəzər salmaq. ..Ətrafında vüqu bulan hər bir şeyə [qadın] gözaltı baxıb diqqətyetirirdi. B.Talıblı. Məşədi Qadir bu xəbəri söyləyəndə gözaltı baxıb nə sayaq təsir edəcəyinə diqqət verirdi. T.Ş.Simurq. Qız dönüb gözaltı gözümə baxdı; Bu gizli baxışda sabahı gördüm... M.Araz. Paylaşın - Hamı bilsin
|