İMKANis. [ər.] 1. Hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi, mümkünlük, mümkün olma. Nə dildə olsa olsun elm olsun xəlqi-aləmdə; Deyildir bir dilə məxsus, var hər dildə imkanı. S.Ə.Şirvani. ..Kömək etmək imkanı əldə ikən, bu vəzifədən boyun qaçırmaq .. insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi. ..Asanlıqla odun gətirməyə imkan vardı. Ə.Əbülhəsən. // Əlverişli şərait. □ İmkan gözləmək - bir işi həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmək, fürsət gözləmək. İmkan olmamaq - mümkün olmamaq, müyəssər olmamaq. Səni görsəm özüm ilə həsədimdən ölərəm; Bu səbəbdən mənə vəslin dəxi imkan olmaz. S.Ə.Şirvani. İmkan tapmaq - bir işi həyata keçirmək üçün əlverişli yol tapmaq, fürsət tapmaq. [Qaçaqlar] kütləvi talana imkan tapa bilmədilər. M.S.Ordubadi. [İnsanlar] boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. Ə.Abasov. İmkan verməmək - mane olmaq, yol verməmək, qoymamaq. İmkan yaratmaq (vermək) - bir işi həyata keçirmək üçün əlverişli şərait yaratmaq, yol vermək. Ayıq ol, döyüşə yaratma imkan; Hər kiçik iş üçün tökülməsin qan. A.Şaiq. Qadınına gəldikdə onun yaşaması üçün geniş imkan yaratmalısan. M.S.Ordubadi. İmkan yoxdur - mümkün deyil, ola bilməz, imkan xaricindədir.
2. Bir şeyin həyata keçməsinə kömək edən əlverişli şərait. Maddi imkanlar. Yaşamaq, çalışmaq, oxumaq üçün hər cür imkan və şərait yaranmışdır. - Təsərrüfatın daxili imkanlarından geniş istifadə edilir. (Qəzetlərdən). // İqtidar, qüvvə, vəsait. Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. Ə.Haqverdiyev. □□ İmkan daxilində - nə qədər imkan varsa, güc çatdığı qədər. ..Imkan daxilində bəzi ədəbi mülahizələr söyləmək istəyirəm. S.Rəhimov. İmkan xaricində olmaq - mümkün olmamaq, həyata keçirməyə güc, bacarıq çatmamaq, bacara bilməmək. ..O zamankı dünyanın ən böyük paytaxtını piyada gəzmək imkan xaricində idi. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|