İNŞAis. [ər.] köhn. 1. Qayırma, yaratma, qurma, vücuda gətirmə, tikmə. Gəmi inşası. Mədən inşası. - Xəndəkdə qazıntı işləri qurtarandan sonra, dörd iri borunun inşasına başlanacaqdı. Ə.Sadıq. □ İnşa etmək qurmaq, yaratmaq, quraşdırmaq, qayırmaq. Fərdi evlər birtipli layihələr üzrə inşa edilir. (Qəzetlərdən). Sadıq ilə Rəhilə bir kömürçü çocuqları idilər. Ormanda .. inşa edilmiş bir külbədə sakin olurlardı. C.Cabbarlı. [Qulam müəllim:] ..Qoy bu qızlardan birisi xəstələrimizə şəfa versin, .. o birisi də bizim bu dağlı məhəlləsində yeni-yeni binalar inşa etsin. S.Rəhimov.
Qələmə alma, bir mətləbi ədəbi şəkildə ifadə etmə, yazma. [Bahadır:] Inşa yazanlarımıza baxırsan, “əlfazlar” o qədər gözlərini kor edib ki, əsli məqsudu yaddan unudublar. N.Nərimanov. □ İnşa etmək - qələmə almaq, bir mətləbi ədəbi şəkildə ifadə etmək, əsər yazmaq. Vamberi ismində bir [alman] ki müsəlman vilayətlərində səyahət edib, indi “Islam “adlı bir kitab inşa edib. “Əkinçi”. [Vaqif] Ağa Məhəmməd şahın Şuşa qələsində qətlə yetişməyi barəsində bu şeirləri inşa edib, Molla Vəliyə göndərmişdi. F.Köçərli. Şair cənabları da Münəvvər xanımın gözəlliyinə dair bir yaxşı qəzəl inşa etdi. M.S.Ordubadi. // Şagirdlərin təfəkkürünü və yaradıcılıq təsəvvürlərini, yazmaq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə aparılan sərbəst yazı işi. [Zəki əfəndi:] Biz sənə burada bir tema verərik və burada bizim gözümüzün qabağında haman temaya bir inşa yazarsan. C.Məmmədquluzadə. Diktə və inşa kimi yazı qisimlərini köhnə məktəb bilməzdi. F.Ağazadə. [C.Cabbarlı] nəinki imlanı, hətta inşanı da səhvsiz yazırdı, müəllimlər də onu tərifləyirdilər. M.Arif. Keçmişdə: məktublaşma üsullarını öyrətmək üçün müxtəlif məktub, təbriknamə, təziyənamə, ərizə, müqavilənamə və s. nümunələri olan kitab, məcmuə. Paylaşın - Hamı bilsin
|