İRAQzərfi Uzaq, uzaqda. Iraq olmaq. Iraq durmaq. - Gül əkdim, şaxta vurdu; Nə yaman vaxtda vurdu; Bimürvət ovçu məni; Yardan iraqda vurdu. (Bayatı). Mürği-ruhum getməz səndən irağa. Aşıq Ələsgər. İraq düşmək - uzaq düşmək, ayrılmaq, uzaqda olmaq. [Bahadır] gördü ki, Sonadan xeyli iraq düşübdür. N.Nərimanov. İraq eləmək - uzaqlaşdırmaq, uzaq eləmək. Çıxardaq məmləkətdən; Ölkədən iraq eyləyək! Aşıq Ələsgər. İraq olmaq - uzaq olmaq, uzaq düşmək. Elə bilsin padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir. Müddətdi gözümdən olubdu iraq; Əridib ürəyim dərdü qəm, fəraq. Aşıq Ələsgər. Gözümdən bir an da iraq olmadın; Mən sənə hər yerdə Vətən deyirəm. S.Rüstəm. // sif. Uzaq. Uzaq ölkələrə, iraq ellərə; Axışan buludlar, axan buludlar! N.Rəfibəyli. // Is. mənasında. Uzaq yer. Yolum oldu iraqlar; Çiynim kəsdi yaraqlar; Ayrılıq məlum oldu; Mən ağlaram, yar ağlar. (Bayatı). İraq, iraq candan, iraq olsun - uzaq olsun, Allah göstərməsin (qorxulu, zərərli, arzuedilməz bir şey, hadisə haqqında deyilir). [Gülsüm xala:] Buy, bu nə sözdür deyirsən, a qadasın aldığım, iraq canından, Allah eləməsin ki, Şirin qiyamətə kimi yatsın.. E.Sultanov. [Səriyyə xala:] Iraq candan, [uşaqlar] dilənçiyə oxşayırdılar. M.İbrahimov. [Kiçikxanım:] Allah eləməsin, iraq candan! - deyə onun əlini sıxdı və tələsirmiş kimi ayrılıb getdi. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|