İRSis. [ər.] 1. Sahibinin ölümündən sonra başqasının (övladın və ya yaxın qohumların) ixtiyarına keçən mal, mülk və s. miras. İrs almaq. İrs çatmaq. - [Gülsabah:] Xanım, qardaşın arvadının məgər irsdə payı var? M.F.Axundzadə. ..Məlum oldu ki, bir qədər pul, bir ev atasından və on iki manatlıq cavahirat və ev şeyi də anasından Nurəddinə irs qalıb. S.S.Axundov. // Valideyndən övlada keçən cismani və ya ruhi keyfiyyət, hal. [Hacı Nuru şair:] Kamal ata kürkü deyil ki, irs ilə övlada yetişə. M.F.Axundzadə.
2. Əvvəlki dövrlərdən, əsrlərdən, böyük şəxsiyyətlərdən qalmış mədəniyyət əsəri. Nizaminin ədəbi irsi. Cabbarlı irsi. - Fəxrəddin .. xələtin yalnız nəfis və incə olması ilə deyil, onun tarixi bir irs olduğu ilə maraqlandı. M.S.Ordubadi. Azərbaycan .. ədəbiyyatşünaslığı Molla Nəsrəddinin ədəbi irsinə daha dərindən yanaşmalıdır. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|