İSTEHZAis. [ər.] 1. Ələ salma, rişxənd etmə, masqaraya qoyma; masqara. Tövsiyənin son cümləsində qürurdan çox incə bir istehza duyulurdu. M.Hüseyn. Tahirzadənin üzündə istehzanı andıran bir təbəssüm oynadı. Mir Cəlal. Qoca sanki öz acı istehzasından özü kövrələrək yaşarmış gözlərini kənara çevirdi. Ə.Məmmədxanlı. □ İstehza etmək - ələ salmaq, masqara, rişxənd etmək. Ona elə gəldi ki, məktəbə götürmək əvəzinə bu adamlar ona və onun anasına istehza edirlər. S.Rəhman. İstehzaya qoymaq - bax istehza etmək. Tahir .. briqadanı bir həftədən çox işsiz gəzməyə məcbur eləyənləri istehzaya qoyurdu. M.Hüseyn. İstehzaya salmaq - istehza üçün hədəf etmək. Rzaqulu xan Böyükxanıma acıqlanıb deyirdi: - Məni bu firəng uşaqlarının istehzasına salma. M.S.Ordubadi.
2. “ilə” qoşması ilə - ələ salaraq, rişxəndlə, masqara ilə. Istehza ilə gülmək. Istehza ilə cavab vermək. - [Rəşid:] Mən istehza ilə danışmaq fikrində deyiləm. H.Nəzərli. [Zabit] kibrit sönən kimi balıqçı paltarında olan adamları bir də istehza ilə süzərək əli ilə işarə etdi. Q.İlkin. Sultan acığını güclə boğaraq istehza ilə qımışdı. İ.Hüseynov. Paylaşın - Hamı bilsin
|