İSTİLİKis. 1. fiz. Cismin hissəciklərinin (atomlarının, molekullarının və s.-nin) qeyrimüntəzəm hərəkəti nəticəsində əmələ gəlib, onun qızması şəklində təzahür edən enerji növü. İstilik vahidi. Ərimə istiliyi. Kimyəvi enerjinin istiliyə çevrilməsi.
Bir şeyin qızğınlıq halı; isti, yaxud qızdırılmış şeydən çıxan hərarət. Havanın istiliyi. Sobanın istiliyi. Günəş şüasının istiliyi. [Əbülhəsən bəy:] Alnımda bir istilik hiss edər-etməz gözlərimi açdım.. M.S.Ordubadi. ..Toğlularınyumşaqyunu və istiliyi sanki Qulunun əlini qıcıqlayırdı. M.İbrahimov. Qızdırma, hərarət, temperatur. Xəstənin istiliyi normaldır. - [Qəhrəman] uşağın istiliyini ölçür, gözlərinə yuxu gəlmirdi.. S.Rəhimov. Oğlunun istiliyini görən ana gözlərinə dəm verir. Ə.Vəliyev. □ Istilik gəlmək (basmaq) - hərarəti qalxmaq, bədəni qızmaq. Soyuqdan əsən bədənə ani bir istilik gəldi. məc. Mehribanlıq, səmimiyyət hissi; hərarət. Oz məsum təbəssümü ilə hamını sevindirən Aslan evdəki soyuqluğu tamamilə həyətə qovmuş, qocaların və anasının ürəyinə xoş bir istilik gətirmişdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|