İŞTİYAQis. [ər.] klas. Şövqündə olma, həsrətində olma, həsrətini çəkmə; şövq, həvəs, şiddətli arzu, həsrət. Saraldı mehrtək yüzüm cəmalın iştiyaqindən. Kişvəri. Eylərəm hər yerdə sənin sorağın; Gündən-günə artar bil iştiyaqın.. Qurbani. Seyr edin iştiyaqü həsrət ilə; Bu gözəl lövhə sonra düşməz ələ. H.Cavid. Bu dəfə Sitarə Mənsurun məhəbbətinə bənd olub, iştiyaqında gəzir idi. C.Cabbarlı. □ İştiyaq(ını) çəkmək -həsrətini çəkmək, həsrətində olmaq. Nə müddətdi iştiyaqın çəkirdim; Şükür həqqə, pərizada gedirəm.. Q.Zakir. Didarına mən müştaqəm, mən müştaq; Vəqtü bivəqt çəkməkdəyəm iştiyaq. Aşıq Hüseyn. İştiyaqa düşmək - şövqə düşmək, həvəsə düşmək.
Aşiqləri iştiyaqə düşdü; Hər kəs ayılıb qabağə düşdü. M.Ə.Sabir. [Ziba:] Axır o izdihamlı şəhərdən çıxandan, atamın arxasınca buraya gələndən sonra niyə mən bu fikrə, bu iştiyaqə düşdüm? S.Rəhimov. Paylaşın - Hamı bilsin
|