İZHAR[ər.] 1. Aşkar etmə, meydana çıxarma, göstərmə, bəlli etmə, bildirmə. // Bəlli, aydın, məlum. Bir gülüzlü nigar, sərvi-xoşrəftar; Cümlə xalqa izhar, bəllidi adı. Aşıq Saleh. □ İzhar etmək (eləmək, qılmaq) - zahirə çıxarmaq, aşkar etmək, açmaq, bəlli etmək, bildirmək. Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm. Füzuli. Qorxudan başımıza gələn macəranı heç kəsə izhar eləmədik. C.Məmmədquluzadə. Necə hər gizlini mən eyləyib izhar, yazım; Qorxmayıb Qaxqulu bəydən elə təkrar yazım? Ə.Nəzmi.
2. köhn. Bir sıra birləşmələrin birinci tərkib hissəsi; məs.: izhari-nifrət, izhari-təəssüf, izhari-təşəkkür və s. Budur qonşularımızın hal həyatda olan şair və ədibləri haqqında etdiyi izhari-məhəbbət və müvəffəqiyyət və izhari-sədaqət və xülusiyyət! F.Köçərli. [Mürtəcelər] fikirsiz və mütaliəsiz qiyam barəsində izhari-nəzər edib, öz keçəcəklərini unudublar. M.İbrahimov. İzhari-nifrət etmək (bildirmək) köhn. öz nifrətini izhar etmək, bildirmək. [Məşədi İbad:] Bax, elə yaz ki, xalq oxuyub Rüstəm bəyə izhari-nifrət eləsin. Ü.Hacıbəyov. İzhari-təəssüf etmək köhn. - öz təəssüfünü bildirmək. İzhari-təşəkkür etmək - öz təşəkkürünü bildirmək. Məcmuəmizin açılmağı barəsində .. teleqram və məktub göndərənlərdən nəhayət dərəcədə məmnun olub, bizi yada salanlara izhari-təşəkkür edirik. “Mol. Nəsr.” Paylaşın - Hamı bilsin
|