KALsif. 1. Dəyməmiş, yetişməmiş, göy. Kal yemiş. Kal tut. Kal alça. - [Hurizadın] ..tükləri məzəli bir rəng alar - gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Çəmənzəminli. Nəbi güllə atsa düzdə, ya dikdə; Tağlar meyvəsini yerə kal salar. M.Rahim. // İs. mənasında. Əriyin kalı. - İyid nərəsindən, güllə səsindən; Dəyməmiş tökülür kalların, dağlar! Aşıq Ələsgər.
məc. Hələ yetişməmiş, inkişaf etməmiş. Almaniyanın Ingiltərə-Fransa-Rus əleyhinə düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaqdır, kaldır, yetişməmişdir. M.S.Ordubadi. Bax, bu yerlərdə adamlar dəyişir; Kal (z.) gələn burda dəyir, tez yetişir. S.Rüstəm. məc. Tutqun, boğunuq (səs haqqında). [Vəkil] kal səsi ilə Nemətə yer göstərdi. Çəmənzəminli. Əsgərin qulağında Əlyarın kal səsi eşidildi. S.Rəhimov. məc. dan. Kütbeyin, gecanlayan. Kal adam. - Yaş yetirib kal oldunuz; Görə-görə kor oldunuz; Dinə-dinə lal oldunuz; Səbrinizə heyrətdəyik; Siz dözümdə fil oldunuz. B.Vahabzadə. □□ Yuxudan kal oyanmaq - lazımınca yatıb yuxusunu almamaq, yuxudan yarımçıq durmaq. [Səttar:] Əşi, yuxudan kal oyanıb gözümü açıram, görürəm, gün təzəcə çırtlayır. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|