KƏLMƏis. [ər.] 1. Söz. Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi.. onu dinləyirdi. A.Şaiq. [Səfərəli:] Bizim Istanbulda böylə kəlmələr işlənməz. H.Nəzərli. [Fərman müəlliminin] ..dediklərini mənimsər və rusca hələ zəif bilməsinə baxmayaraq, kəlmələri bir-birinə quraşdıraraq sualı sual dalınca verərdi. Ə.Sadıq. □ Kəlmə(si)kəlməsinə - bax kəlməbəkəlmə. Kəlməkəlməsinə xəbər vermək. // İfadə, ibarə.
Saylarla: bir, iki, üç və i. a. kəlmə - bir neçə söz, az söz, qısaca. Mehriban iki kəlmə ilə yenə içə bilməyəcəyini və içmək istəmədiyini bildirdi. S.Hüseyn. [Qəhrəman:] Bu iki gündə nə ev sahibi xanım ilə, nə də qulluqçu ilə bir kəlmə danışmaq ehtiyacımız olmadı. H.Nəzərli. [Xalıq:] Bəli, mənəm, dayan, səninlə iki kəlmə sözüm var. S.Rəhman. Kəlmə və ya kəlmeyi-şəhadət din. müsəlmanlığın əsas rəmzi olan “lailahə illəllah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam dininə görə hər bir müsəlman yatmazdan qabaq və ya ölərkən və yaxud başqa hallarda bu ibarəni söyləməklə müsəlman olduğunu göstərir). Sirat, sual qabaqdadı, nə damaqdı dünyada; Kəlmeyi-şəhadət lazımdı ölən vaxtı dünyada. Aşıq Ələsgər. [Arvad:] Ay kişi, ..səni görüm öləndə dilin kəlməyə gəlməsin, sən bəyəm qoyursan ki, mən bilim nə iş görürəm? H.Sarabski. □□ Kəlmeyi-şəhadətini demək (oxumaq, söyləmək, yada salmaq, dilinə gətirmək) - ölümünü gözü qabağına almaq, ölməyə hazırlaşmaq. Uzaqdan diqqət edirsən ki, görüm, əgər [atlıların] başında papaq var, kəlmeyi-şəhadətimi oxuyum. C.Məmmədquluzadə. Bu sözləri xatırına gətirib Molla Tanrıverdi başladı .. kəlmeyi-şəhadətini oxumağa. E.Sultanov. Kəlmə kəsmək danışmaq. Maral bir daha Cuma ilə kəlmə kəsməyib getdi. Ə.Əbülhəsən. Hesabını başa düşən Qarakişi daha bir kəlmə də kəsmədi. Bayramov. [Rəşid:] ..Ancaq ömrümdə görməmişdim ki, Qara Canbalayev, ya da Gövhər xanım mənimlə kəlmə kəssin. İ.Hüseynov. Kəlmə verib kəlmə almaq - bax kəlmə kəsmək. [Qoca qarı:] Mən gəlin gedəndə ondan da kiçik idim, qaynanamla kəlmə verib kəlmə alanda üzüm qızarardı. Qantəmir. kəlmə-kəlmə zərf Ayrı-ayrı sözlərlə, hər sözü ayrıca. Kəlmə-kəlmə tərcümə etmək. Kəlmə-kəlmə diktə etmək. - Əzizim, kəlməkəlmə; Sözü de kəlmə-kəlmə; Oturaq xəlvət evdə; Danışaq kəlmə-kəlmə. (Bayatı). “Əlif’in hökmüylə, “cim “fərmanıyla; Ara kəlmə-kəlmə, dağıt “əmmə “ni. Aşıq Ələsgər. Paylaşın - Hamı bilsin
|