KEŞİKis. Qarovul, güdük; qoruma. Keşik çəkmək - 1) qarovul çəkmək, bir obyekti qorumaq. Dəlilər.. dağın dörd tərəfində keşik çəkərdi. “Koroğlu”. [Əbdül:] Məni malların keşiyini çəkmək üçün qoyublar. C.Cabbarlı. [Gənclər] şəhərin, insanların keşiyini çəkirlər. H.Seyidbəyli. // Məc. mənada. Lay-lay beşiyim, lay-lay; Evimeşiyim, lay-lay; Sən get şirin yuxuya; Çəkim keşiyin, lay-lay. (Layla). [Muxtar dayı Nərgizin anasına:] Iki əsgər kimi [Nərgizin] sağında-solunda dayanıb keşiyini çəkəcəyik. Ə.Məmmədxanlı; 2) məc. dayanıb gözləmək, izləmək, güdmək. Səhərdən burada keşik çəkirəm. - Ağcaqız bir tərəfdə bunların keşiyini çəkməkdə olsun. “Aşıq Qərib”. Keşikdə durmaq (dayanmaq, olmaq) - bax keşik çəkmək. Qalmışam eşikdə mən; Bir qızıl beşikdə mən; Yar bağçaya gələndə; Duraram keşikdə mən. (Bayatı). Keşiyində durmaq (dayanmaq) - qoruyub müdafiə etmək. Vətənin keşiyində durmaq. - Yuxusunu alan Həcər də gün çırtlar-çırtlamaz yerindən qalxıb ərinin keşiyində dayandı. S.Rəhimov. ..Burada sərhədin keşiyində duranlar .. yalnız rəsmi sərhədçilər deyil. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|