KÖMÜRis. 1. Odunu yandırıb basdırmaqla alınan tünd-qara rəngli bərk yanacaq. Kürəyə kömür qoymaq. Manqala kömür tökmək. Kömürü qızartmaq. - [Rüstəm kişi] ..samovara su tökməyə, kömür salmağa ərindi. M.İbrahimov. Arvad samovarı çölə çıxartdı. Külünü boşaldıb yaxaladı. Su töküb kömür saldı. Ə.Vəliyev. □ Kömür basmaq
kömür almaq üçün odunu yandırıb torpaqda basdırmaq. Kömür dəymək - dəm tutmaq, kömürün dəmi (qazı) ilə zəhərlənmək. Kömür kimi (qədər) - tünd-qara, zil qara, qapqara. Kömür kimi uşaq. - Açıqlıqdan keçdi, kömür qədər qara.. görünən qamışlığa girdi. H.Nəzərli. Onun rəngi kömür kimi qaradı. M.Hüseyn. Kömür kimi qaralmaq 1) bərk qaralmaq, qapqara olmaq. Qız yayda kömür kimi qaraldı; 2) məc. hirsindən üzünün rəngi dəyişib tündləşmək. Rüstəm kişi.. kömür kimi qaralıb susurdu.. M.İbrahimov. 2. Yer altından çıxarılan bitki mənşəli bərk yanacaq, maddə. Daş kömür. Kömür yataqları. Kömür mədəni. İki vaqon kömür. - Donbas bizə kömür verir.. M.Müşfiq. Fəhlələr qatı kömür tozu içində işləyirdilər. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|