İzahlı lüğət

MEYDAN

is. [fars.] 1. Şəhər və ya kənd, qəsəbə və s. içərisində tikilisiz açıq və geniş düz yer, sahə. Bakıda Azneft meydanı.
Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Ə.Haqverdiyev. Çatıb kəndin meydanına düşdük atlardan; Kənd axışdı yanımıza keçmədi bir an. S.Rüstəm.
Ümumiyyətlə, düz və geniş sahə; düzənlik, genişlik. Dağın o tərəfi böyük meydandır.
Bir işin icrası üçün geniş sahə, yer. Vuruş meydanı. Döyüş meydanı. Təlim meydanı. - [Koroğlu:] Yağı düşmənin hərbəsi; Qaçırtmaz meydandan məni. “Koroğlu” .
Gənclərin gücü ilə bir neçə dəfə iməcilik keçirilib, idman meydanı düzəldi. Ə.Sadıq. Obrazlı təşbehlərdə: “geniş” , “enli” mənasında. Əyilməyib, düzdür onun uca qaməti; Sinə meydan, kürək enli, görkəmi dağdır. Ə.Əlibəyli.
Yerlik halda: meydanda - ortada, arada, aralıqda. Meydanda bir səbəb yoxdur. Lazım olan şeylərin heç biri hələ meydanda yoxdur. // Yönlük halda: meydana - ortaya, araya, aralığa. Bəli, bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir. C.Məmmədquluzadə. // Yerlik halda xəbər şəkilçisi ilə: meydandadır - aşkardır, göz önündədir, hamı görür. Onun gördüyü işlər hamısı meydandadır.
məc. Fürsət, imkan; əlverişli şərait. Mahi-ramazandır, yenə meydan da bizimdir! Meydan da bizim, ərsədə cövlan da bizimdir? M.Ə.Sabir. Bir qız ilən bir gəlinin bəhsi var; Gəlin deyər: - Bu gün meydan məndədir. Aşıq Valeh.
□ Meydan açmaq - mübarizəyə çağırmaq, döyüşə hazır olmaq, döyüşə girişmək. Minincə öz Qıratına; Meydan açar əsən yelə. Şaiq. Qəhrəmanım gülümsədi, qüvvət gəldi qəlbinə; Dalğalara sinə gərdi, meydan açdı o yenə. S.Vurğun. Meydan demək - bax meydan oxumaq. Meydan deyir qaranlığa; Dayanmadan bir anlığa. S.Vurğun. Meydan düzəltmək - bax meydan qurmaq. [Xəlfə:] Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız burda çalıboynasın. C.Cabbarlı. Meydan günü - imtahan, sınaq vaxtı, yoxlama zamanı. Ölənədək dönə bilməz yarından; Meydan günü başın qoyar can ilə. M.V.Vidadi. Meydan qurmaq - toplaşmaq, bir yerə yığılmaq. Meydan quraq, söhbət açaq, saz tutaq; Gül yanaqda qoşa xaldan danışaq. S.Vurğun. Meydan oxumaq - müharibəyə, döyüşə, mübarizəyə çağırmaq, hədələmək. At oynatdı kuyində hər cahangir bir kərə; Ərəb meydan oxudu şövkətli qeysərlərə. Ə.Cavad. [Altunbay:] Mən bütün dünyaya meydan oxuyan bir qüvvətə qarşı dura bilmərəm. C.Cabbarlı. Meydan sulamaq - hökmranlıq etmək, özünü hökmran kimi aparmaq, mənəm-mənəm demək. Ağacın dibində qanadlarını açıb meydan sulayan çil-çil xoruzu [Qaraş] qovdu. M.İbrahimov. Cəmiyyətlə şəxsiyyət arasında hər cür ziddiyyətin silinib yox olduğu bir dövrdə Kərəmov meydan sulaya bilməzdi. İ.Əfəndiyev. Meydan tutmaq - çaşmaq, karıxmaq, özünü itirmək, nə edəcəyini bilməmək. Silanın qəlbi alovlandı. Onu meydan tutdu. S.Vəliyev. Meydan vermək - imkan vermək, mane olmamaq, yol vermək, kömək etmək. [Bəhram:] Yox, verilməz buna meydan; Sarayın öz qanunu var. A.Şaiq. [frəngiz Cəbrayıla:] Biz [Musaya] özfikrini deməyə nə vaxt meydan vermişik? B.Bayramov. Meydana atılmaq - özünü qabağa vermək, irəli atılmaq. Bizim .. qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bizim bilamülahizə fikir meydana atıb yalançı pəhləvan kimi oyun çıxartmağımızdır. Ü.Hacıbəyov. Meydana atmaq - aşkara çıxarmaq, aşkar etmək, hamıya bildirmək. Meydana buyur (buyur meydana) - döyüşə, vuruşa və ya mübahisəyə dəvət. [Şah:] Sən bədəfkar və xəbis cəlladsan; Qorxmuram səndən, buyur meydana sən. Ü.Hacıbəyov. Meydana çıxartmaq aşkar etmək, göstərmək. Bizim mollalarımız bu iki ilin müddətində, guya ki, bir özgə şəriət meydana çıxarıblar. C.Məmmədquluzadə. “Həyat” Mirzədə güclü dramaturqluq istedadının olduğunu meydana çıxartdı. S.Rəhman. Meydana çıxmaq - aşkar olmaq, zahirə çıxmaq, ortada görünmək. ..Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir. C.Məmmədquluzadə. Niyə nuri-həqiqət çıxmayır meydanə bilməm ki.. M.Hadi. Meydana gəlmək - 1) mübahisə, mübarizə meydanına daxil olmaq. Bircə nolaydı gələ meydanıma; Ta ki, düşə gözləri cövlanıma. S.Ə.Şirvani. Sədd çəkildi dörd yana; Ağ at gəldi meydana. S.Vurğun; 2) ortaya çıxmaq. Hamamdan gələndən sonra bəyin başı qırxılmaq məsələsi meydana gəlir. R.Əfəndiyev. Meydana qoymaq (çəkmək) - ortaya çıxarmaq, üzə çıxarmaq, zahir etmək, açmaq, bildirmək. Məsələni meydana qoymaq. - Təlxəklər bütün kələklərini meydana qoydular. Çəmənzəminli. Meydanda olmaq - zahirdə, aşkarda olmaq, göz önündə olmaq. Meydanda tək qalmaq - köməksiz olmaq, təkbaşına qalmaq. Bu dəmdə Xəlilə kənardan tamaşa edən olsaydı, onu meydanda tək qalmış və ümidsizlikdən qəddi bükülmüş bir igidə bənzədərdi. M.Hüseyn. Meydandan qaçmaq - axıra qədər bir işi davam etdirməmək, dala çəkilmək, qorxmaq. Meydandan qaçana namus, ar olsun! “Koroğlu” . Meydanı boş (xali) görmək - heç bir maneənin olmamasından istifadə etmək, istədiyini edə bilmək. Meydanı boş görmüsən? - Gördü meydanı adamdan xali; Hərə bir əzmə şitaban oldu. M.Ə.Sabir. Meydanı daralmaq işlənmə sahəsi azalmaq, məhdudlaşmaq. ..Ərəb [əlifbasının] meydanı gündən-günə daralmaqdadır. F.Ağazadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MER

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed