İzahlı lüğət

MURDAR

sif. [fars.] 1. Müsəlman dini etiqadınca təmiz sayılmayan; napak (pak əksi). Murdar su. - [Pişik itə:] Bil nə səbəbdən belə murdarsan; Istəməzsən xeyr apara hiç kəs. S.Ə.Şirvani. □ Murdar etmək (eləmək) 1) müsəlman dini etiqadınca pak sayılan şeyi murdar sayılan şeyə toxundurub, sürtüb və ya vurub onu da napak etmək. Əlini itə vurub murdar eləmək. - [Arvad:] A kişi, a kişi, başuva daş, içəri girmə, üst-başın murdardır, aləmi murdar elərsən. H.Sarabski; 2) məc. dan. öldürmək, gəbərtmək. Inəyi murdar etmək. Murdar olmaq - 1) müsəlman dini etiqadınca murdar sayılan şeyə toxunub, dəyib natəmiz, napak olmaq; 2) məc. dan. ölmək, gəbərmək (heyvan haqqında). Toyuq murdar oldu. - [Mirzə İsmayıl:] Necə, yoxsa xanın qəzəbindən xəbəri yoxdur? Bilmirmi ki, o qədər vurarlar, qamçı altında canı çıxıb, it kimi murdar olar? Ə.Haqverdiyev; // eyni mənada adam haqqında həqarətlə deyilir. Əsəd o saat murdar oldu. “Qaçaq Nəbi” . Göstərmə təbibə o cigərguşəni, zinhar; Qoyma ola murdar. M.Ə.Sabir. [Əzim dayı:] Tüfəngin qundağı ilə nə qədər vurdumsa tərpənmədi, bu da murdar olmuşdu. A.Şaiq.
Ümumiyyətlə, pis, alçaq, iyrənc, ikrah doğuran, xoşa gəlməyən. Murdar təbiətli adam. Murdar iş. - [Qurban:] Mənim bu murdar ürəyimi çəkib itlərə tullayın. Ə.Haqverdiyev. [Maral:] Burada qalsam Turxan bəyin murdar nəfəsi, qoşulub qaçarsam namus, iffət məsələsi! H.Cavid. // İs. mənasında. Mən dünyada çox bihəya adamlar görmüşəm, amma bunun kimi murdarına hələ rast gəlməmişəm. N.Vəzirov.
məc. Zəhlətökən, xoşagəlməyən, pis. Bayırda murdar hava var. - [fridun bəy:] Ah, bu murdar səsləri susduracaq birinci top atəşi, başlamazmısan? H.Nəzərli. [Rza:] Həmzə adını eşidən kimi mənim xəyalımda ağır, anlaşılmaz, murdar bir aləm açıldı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......