NAKAM[fars.] bax kamsız. Nakam cavan. Nakam ölmək. Nakam məhəbbət. [Əbdül:] Sara da getdi! Yazıq qız, nakam qız! Onun ölümü mənim sinəmə bir dağ çəkdi. C.Cabbarlı. [Xan] gözlərini məchul bir nöqtəyə zilləmiş, igid oğlunun nakam taleyini, vəfalı arvadının qara bəxtini düşünürdü.. M.Rzaquluzadə. Ürəyində sevgisi nakam ölən qızların; Alacağam qanlıdan amansız qisasını. M.Rahim. □ Nakam qalmaq - arzusuna çatmamaq, məqsədinə yetməmək, arzusu ürəyində qalmaq. Arzular, diləklər nakam qalmadı; Çöllər sudan doydu, gözlər işıqdan. O.Sarıvəlli. Nakam etmək (qoymaq) - bədbəxt eləmək, kama yetməyə qoymamaq, arzusunu ürəyində qoymaq. [Nüşabə:] Bil, sənə casusluq edən bu adam; Çağlayan eşqimi qoymuşdur nakam. A.Şaiq. Nakam olmaq - kama çatmamaq, arzusuna yetməmək, bədbəxt olmaq. Bir gülən yox bu qayğılı dünyada; Çoxlar nakam olub irməz murada. H.Cavid.
Paylaşın - Hamı bilsin
|