NAŞIsif. [ər.] 1. Nabələd, xam, təcrübəsiz, bir işdən yaxşı xəbərdar olmayan. Naşı usta. Naşı adam. Naşı işçi. - Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani. Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur. M.S.Ordubadi. // məc. Bişməmiş, püxtələşməmiş, təcrübəsiz, qeyri-kamil. [Yazı] elə naşı, kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz. C.Məmmədquluzadə. Şüşənin altında naşı, lakin həyəcanlı bir xətlə .. yazılan bir kağız görürəm.. Mir Cəlal.
2. Nabələd. Şamo naşı adam dolaşan kimi dolaşır, sonra çox çətinliklə bir nöqtəni tapır və başqa birisinə keçirdi. S.Rəhimov. // İs. mənasında. Burada bir naşı ağlar; Əlində kaşı ağlar.. (Bayatı). Qabağa salma naşını; Vurdurar öz yoldaşını. “Koroğlu” . Paylaşın - Hamı bilsin
|