İzahlı lüğət

NİTQ

is. [ər.] 1. Danışma, fikrini sözlərlə ifadə etmə qabiliyyəti. Nitq üzvləri. Nitqi inkişaf etdirmək. // Danışıq, danışma tərzi;
tələffüz. Aydın nitq. Rəvan nitq. // Ümumiyyətlə, danışma, söz, kəlam. [Xurşid:] Sən mənimtək naçizin nitqin əcəb təqdir edib; Xalq ara timsal olub sənətə etdin ibtida. Ü.Hacıbəyov. O tayda çadrasız dolaşan qadına; Sual ver, nitqindən saçılsın ildırım. M.Müşfiq. □ Nitqdən düşmək (qalmaq) danışa bilməmək, susmaq, lal olmaq, dili tutulmaq. Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb. Füzuli. Onun sanki dili nitqdən qalmışdı. Mir Cəlal. Nitqə gəlmək - danışmağa başlamaq, dilə gəlmək. Nitqi açılmaq - danışmağa başlamaq, dili açılmaq. [Hacı:] Şərab həmişə insanın mizacını açır, kefini yüksəldir, görürsən ki, şairin təbi gəlir, natiqin nitqi açılır. B.Talıblı. Nitqi tutulmaq (bağlanmaq, batmaq, kəsilmək, qurumaq, çəkilmək) - danışa bilməmək, dili tutulmaq, danışmaq qabiliyyətini itirmək (sevincdən, fərəhdən, həyəcandan və s.-dən). Könlüm açılır zülfi-pərişanını görgəc; Nitqim tutulur qönçeyi-xəndanını görgəc. Füzuli. Molla Tarıverdi başladı yarpaq kimi titrəməyə və nitqi kəsilib daha danışa bilmədi. E.Sultanov. Sual [Şirəlini] elə sarsıtdı ki, bir neçə saniyə nitqi qurudu. S.Rəhman. Eşitdiyi sözlərdən sanki [ovçunun] nitqi batmışdı. Ə.Məmmədxanlı.
2. İclasda, yığıncaqda, mitinqdə və s.-də camaata, dinləyicilərə xitabən irad olunan söz. Hərdənbir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub günümüzü bir tövr keçiririk. C.Məmmədquluzadə. Kəndliləri yeni quruluşun qanunu ilə tanış etmək və onların biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular. S.S.Axundov. Nitq irad etmək - nitq söyləmək. Edərək hər tərəfdə nitq irad; Xəlqi dəvətlə eylədik irşad. H.Cavid. Nitq söyləmək - kütləvi yerlərdə, yığıncaqlarda müəyyən məsələ ətrafında danışmaq, fikir söyləmək, çıxış eləmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed