İzahlı lüğət

OYNAMAQ

f 1. Oyuncaqla, yaxud əyləncə üçün olan oyunlardan biri ilə məşğul olmaq, onunla vaxtını keçirmək; əylənmək. Qaçdı-tutdu oynamaq. Gəlinciklə oynamaq. Uşaq bütün günü oynayır. - Uşaq vaxtı küçədə aşıq-aşıq oynayanda hərdənbir savaşardıq. C.Məmmədquluzadə. Rəhilə dərsdən çox yaşıdları ilə oynamağı xoşlayırdı. M.Hüseyn. // İstirahət və ya əylənmək məqsədilə idman növlərindən biri ilə məşğul olmaq. Şahmat oynamaq. Bilyard oynamaq. Nərd oynamaq. // Oynamaq üçün bir şeydən istifadə etmək. Topla oynamaq. // məc. Bir şeylə qeyri-ciddi məşğul olmaq, özünü işləyən kimi göstərmək. O şiləmir, oynayır. // məc. Boş vaxt keçirmək, vaxtını öldürmək, boş şeylərlə məşğul olmaq, əylənmək. ..Mən həyata oynamağa gəlmirəm. Mir Cəlal.
Bir şeylə oyuncaq kimi rəftar etmək, bir şeyi məqsədsiz olaraq əlində oynatmaq, fırlatmaq və s. Açarla oynamaq. Əlindəki qaşıqla oynamaq. - ..Sona .. başından siyrilib çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən. // məc. Bir şəxsə və ya şeyə oyuncaq, əyləncə kimi baxmaq, birinin arzu və iradəsi ilə hesablaşmayaraq onunla istədiyi kimi rəftar etmək. Adamlarla oynamaq olmaz. Əsəbləri ilə oynamaq. // Əylənmək, özü üçün oyuncağa, əyləncəyə döndərmək. Şirzad anladı ki, Yarməmməd mənliyi ilə oynayır. M.İbrahimov.
Bax oynaşmaq. //məc. Sürətlə o tərəfbu tərəfə hərəkət etmək, hərəkət edərək tərpənmək. Dənizdə dalğalar oynayır.
məc. Şəfəqlənərək, bir şeyin üzərində, yaxud bir şeydən inikas etmək, parlamaq, bərq vurmaq. Kənd üzərində günün al şəfəqləri oynayırdı. M.Hüseyn. // Sayrışmaq. Göydə ulduzlar oynayır.
Təzahür etmək, görünmək, görsənmək, görünüb yox olmaq. Böyük bir maraqla açılan gözlərdə indi hədd-hüdudu olmayan bir təşviş və həyəcan kölgələri oynayırdı. Ə.Əbülhəsən. Rəqs etmək. Yallı oynamaq. Vals oynamaq. - Başına döndüyüm, toy adamları; Siz də deyin: toya gələn oynasın. M.P.Vaqif. Rəqqasə ərəb qızları oynar və ara-sıra oxuyarlar. H.Cavid.
Teatr tamaşasında, kinoda, pyesdə və s.-də müəyyən rolu ifa etmək. Qəhrəman rolunda kim oynayır? // Tamaşaya qoymaq, göstərmək. Teatrda M.F.Axundzadənin “Hacı Qara” pyesini oynayırlar.
Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yerindən oynamaq, rol oynamaq, sözlə oynamaq, oyun oynamaq və s.
oynaya-oynaya zərf 1. Oynayaraq, oynamaq vəziyyətində, rəqs edə-edə. Oynaya oynaya oxumaq. - Aşıq .. balabançı ilə çiyinçiyinə verib oynaya-oynaya ortada hərlənirdi. İ.Əfəndiyev.
məc. Asanlıqla, heç bir çətinlik çəkmədən. Tapşırığı oynaya-oynaya yerinə yetirmək.
məc. Böyük həvəslə, məmnuniyyətlə, sevinə-sevinə. [Pəri:] [Ataş] hansına bircə dəfə göz eləsən, oynaya-oynaya gələr. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OD

......