PƏRAKƏNDƏzərf və sif [fars.] 1. Bir yerdə və müntəzəm halda olmayan; nizamsız, qarmaqarışıq, dağınıq. Qoşun dəstə-dəstə, pərakəndə bir halda gəlib-keçirdi. Çəmənzəminli. Direktor masanın üstündə pərakəndə halda olan kağızları nizama saldı. Q.İlkin. Pərakəndə düşmək (olmaq) - dağılmaq, dağınıq hala düşmək, mütəşəkkilliyini itirmək, darmadağın olmaq. [Qasid:] Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub, hərəsi bir yana qaçdı. Ə.Haqverdiyev. [Hadi Lələ:] Bu xanədanın, dağılıb pərakəndə düşməyinə bais olma. S.S.Axundov.
Dağınıq, pərişan. ..Nərgizin görkəmi, Mixailin pərakəndə saqqalı karıxmış Gön Çərkəzin inamını artırırdı. B.Bayramov. [Məryəmin] pərakəndə halda çiyninə səpilmiş uzun şabalıdı saçları, təzə açmış gül kimi saf çöhrəsi.. Səlimi məst edirdi. H.Seyidbəyli. □ Pərakəndə satış tic. - topdan deyil, ədədlə və ya az miqdarlarla satılan, yaxud alınan (istehlak malları haqqında). ..Çoxişlənən mallar üçün aşağı salınan vahid dövlət pərakəndə satış qiymətləri qoyulmuşdu. (Qəzetlərdən). Paylaşın - Hamı bilsin
|