İzahlı lüğət

QALMAQ

f. 1. Olduğu yerdə və halda durmaq, yerini dəyişməmək, yerindən getməmək. Hamı getdi, o qaldı. Qışda kənddə qalmaq. - Evdə ancaq Sona ilə Bahadır qaldı. N.Nərimanov. Bu axşam student evdə qalaraq, atasına məktub yazmaqla məşğul idi. Çəmənzəminli. // Yuxarı sinfə keçməmək. Ikinci sinifdə qalmaq.
Var olmaq, mövcud olmaq, davam etmək. Onun gözəlliyindən ancaq iki gözü qalmışdır. Ürəyində heç bir hiss qalmamışdır.
Sağ olmaq, həyatda olmaq, yaşamaq. Onun indi bircə qızı qalmışdır. - Şirin güftarından ayrı lalam mən; Ümid yoxdur gələn ilə qalam mən. Q.Zakir. // İnkar şəklində: qalmamaq - ölmək, yaşamamaq, həyatda olmamaq, sağ olmamaq. Övladı qalmamaq. Onlardan heç kəs qalmamışdır.
İşləndikdən, sərf edildikdən, xərcləndikdən sonra müəyyən miqdar mövcud olmaq. On kilo düyüdən bir kilo qalmışdır. Cibimdə bir manatpulum qalıbdır. // Bir ədədi bir ədəddən çıxdıqdan sonra hasil olmaq. Beşdən üç çıxanda iki qalır.
Təxir edilmək, sonraya buraxılmaq, başqa vaxta keçirilmək. Iclas sabaha qaldı. // Dayandırılmaq, əl çəkilmək, buraxılmaq, tərk edilmək, vaz keçilmək. O iş qaldı. Kitabın nəşri hələlik qaldı.
Bir yerdə unudulub buraxılmaq, yaddan çıxarılmaq. Portfelim maşında qaldı. Gözlüyüm evdə qalıbdır.
Irs yetişmək, irsən çatmaq. Atasından ona xeyli şey qaldı. - Dörd otaqdan ibarət ağzınacan dolu, topdağıtmaz ev-eşik təkcə ona [Ağcaya] qalmışdı. Mir Cəlal. Məhrum olmaq, əlindən çıxmaq. Qəpiksiz qalmaq. Yuxusuz qalmaq. Paltosuz qalmaq. Işsiz qalmaq. - Seyr üçün camalını əlimdə fürsət varkən; Əfsus ki, indiyədək qaldım ziyarətindən. Ə.Cavad.
Edə bilməmək, başa çatdıra bilməmək, nail ola bilməmək, davam etdirə bilməmək, gedə bilməmək, iştirak edə bilməmək. Dərsdən qalmaq. - Qara qoçun kəlləsinin zərbəsi ilə Bəxtiyar onbasının ağrısından iki gün işdən və fəhləlikdən qaldı. S.Hüseyn. // Gecikmək, çatışa bilməmək, yetişə bilməmək, gecikərək yerində qalmaq. Qatardan qalmaq.
Gələndən sonra müvəqqəti olaraq bir yerdə yerləşmək, qərar tapmaq, bir yerə düşmək; qonaq olmaq. Bu gecə harada qalmışdınız? Qonaqlar dünən bizdə qalmışdılar.
Aid olmaq, dəxli olmaq, üzərinə düşmək. Onun dərdini çəkmək sənəmi qalıbdır?
İlişmək, ilişib qalmaq, girib çıxmamaq. Boğazında sümük qalmaq. Güllə əzələsində qalıbdır.
Bir hala düşmək, bir vəziyyət içərisinə düşmək. Pis vəziyyətdə qalmaq. Ayaq üstə qalmaq. O, üç yaşında atasız qaldı. Yuxusuz qalmaq. - [Xanımnaz:] Qorxuram .. qulluqdan çıxardarlar səni, yenə qalarıq əvvəlki kimi elə belə. C.Cabbarlı. Mühafizə etmək, davam etmək, əl çəkməmək, saxlamaq. Öz fikrində qalmaq. Tutduğu mövqeyində qalmaq.
Yubanmaq, durmaq, bir yerdə ilişib qalmaq, gəlib çıxmamaq. Bizim yoldaşlar harada qaldı? Yarı yolda qalmaq. Bu vaxta kimi harada qalmısan?
Vaxt, zaman haqqında. Saat beşə üç dəqiqə qalıbdır. Ayın axırına iki gün qalıbdır. Qnun ömrünə az qalıbdır. - Axşama bir saat qalmış [Cəfərqulu] Fərhad bəyin qapısına yetişdi. Qantəmir. // Hələ çatmamaq, yetişməmək. Lakin hələ Tükəzban xalanın təklifinin [iclasda] qəbul olmaq vaxtına qalırdı. B.Talıblı.
İnkar şəklində: qalmamaq -1) hamısı sərf olunmaq, işlənib qurtarmaq. Dağ başın duman almır; Yar yarın dərdə salmır; Dövlət şirin olsa da; Axırda heç kəsə qalmır. (Bayatı). [Qurban:] Səhər qazandığın axşama qalmır. Ə.Haqverdiyev; 2) qırılıb qurtarmaq, məhv olub (edilib) qurtarmaq; 3) kifayətlənməmək. [Səlimi:] Oğlan, xarici kapital yalnız bizim torpağın sərvətini talan etməklə qalmır. O, şəxsi mənfəət üçün hər şeyə hazır olan ərbablarımızdan, aclıq və səfalətin qucağına atdığı yüzlərlə biçarələrdən casuslar, satqınlar yetirir. M.İbrahimov; 4) geri qalmamaq, bərabər olmaq. Dəcəllikdə yoldaşından qalmaz. - [Mahmud:] Mənim barmaqlarım kobudluqda, bərklikdə oymaqdan qalmaz! Ə.Əbülhəsən; 5) hərəkətində, işində, adətində davam etmək, arasını kəsməmək, əl çəkməmək. Kefindən qalmamaq. Işindən qalmamaq. - Guya Zeynal vəzifəsinə çox soyuq baxır, dəfələrlə özünə xatırladılmasına baxmayaraq, səhlənkarlıqdan qalmırmış. S.Hüseyn.
Qalmamışam, qalmamışıq şəklində ehtiyacım(ız) yoxdur, bizə lazım deyil. [Səfər:] Yüzbaşı, - dedi, - sənin buğdana qalmamışıq, bir az özünü yığışdır. Çəmənzəminli.
Bir sıra isimlərin yanına gətirilərək, ismin göstərdiyi mənada mürəkkəb feil, yaxud müxtəlif ifadələr düzəldilir; məs.: avara qalmaq, sağ qalmaq, gözü qalmaq, heyran qalmaq.
□ Əslinə qalanda - əslində, həqiqətdə, doğrusuna gəldikdə. Əslinə qalanda bu vəhşilərin [qoçuların] həyatı qazamatda da pis keçmirdi. H.Sarabski. O ki qaldı..., qaldı ki... - ...gəlincə, ...gəldikdə. [Fərəcullah:] Ancaq o ki qaldı mənə, mən razıyam. Bir qız.. bir oğlanındır, gülüm! H.Sarabski. Xeyr, xeyr, mən onun [tələbəmin] adını sizə deyə bilmərəm. Qaldı ki, onun zahiri görünüşü, xasiyyəti, qabiliyyəti haqqında danışmaq, bu başqa məsələdir. Qantəmir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed