QANE[ər.] Qane olan, əldə etdiyi, yaxud əlində olan şeylə kifayətlənən, tamah etməyən. Nə versələr, ona qaneyəm. □ Qane etmək - kifayətləndirmək, razı etmək, təmin etmək, inandırmaq. Arazı bu cavab qane etmədi. A.Şaiq. Bütün hücum növləri içərisində Ulduzu ən çox qane edən tank hücumları idi. Ə.Məmmədxanlı. Qane olmaq - kifayətlənmək, razı olmaq. Aza qane olmayan çoxa yetişməz. (Ata. sözü). [Ağa Mərdan:] Ikinci təklif budur ki, gərək Hacı Qafurun dövlətinin yarısına qane olasan. M.F.Axundzadə. Tapmasan saf dürrə, ol qane; Ki, sənə kimsənə deyil mane. S.Ə.Şirvani. Leytenant xəyalında kapitanı dinləyir, onun dəlil və sübutları ilə qane olmayaraq, ürəyində kəskinliklə danışırdı. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|