QAPMAQf. 1. Birdən əlini uzadıb cəld götürmək, dartıb almaq, qamarlamaq. Məhərrəm iynəni əlindən buraxıb bucaqdakı ağırbaşlı çəkici qaparaq qapını açıb kənara çıxdı. H.Nəzərli. [Şagird qızın] bu sözlərindən molla bacı elə acıdı ki, çubuğu qapıb qızı döyəcləməyə başladı. Çəmənzəminli. // Götürmək, qaldırmaq. ..Qaçdım yerdəki daşlara tərəf və qabağıma gələn daşları yerdən qapıb, başladım Şirəliyə tərəf tullamağa. Məmmədquluzadə. Bir tikanlı ağac qapıb yerdən; Gözlədim qovğanın zəmanını mən. A.Səhhət. [İmamverdi:] Dəyənək davasıdır məgər, qapım dəyənəyi, iyirmi soldatı xurdxəşil edəm. C.Cabbarlı. // Cəld tutmaq (atılan, yaxud uçan şeyi). Səməd .. Mirkazımın atdığı qızılı göydəcə qaparaq, göy jiletinin kiçik cibinə yerləşdirdi. S.Rəhimov. // Yapışmaq, yapışıb tutmaq. Mən onu deyirəm ki, bu axır zamanda bir naxoşluq əmələ gəlibdir, adına “minengit” .. deyirlər, mərizlərin qapır peysərindən, peysər dönür bir oduna. N.Vəzirov.
Çalmaq, oğurlamaq, aparmaq, götürüb qaçmaq. Dedi: - Yorğan üçün imiş bu təlaş; Yorğanı qapdılar, kəsildi savaş. M.Ə.Sabir. Dişləmək, dişlərini batırıb yaralamaq. It uşağı qapdı. Paylaşın - Hamı bilsin
|