QARANLIQ1. is. İşıq yoxluğu, baxanda heç bir şey görünməyən hal; zülmət. Kəndi bürümüş qaranlıq və duman əriyərək dağların ətəyinə, dərələrə çəkilir, hər tərəf işıqlanmağa başlayırdı. M.İbrahimov. Nərimanın gözü qaranlıqda asılan qara və uzun vedrəyə sataşdı. Mir Cəlal. □ Qaranlıq düşmək (çökmək, qovuşmaq) - axşam olmaq, hava qaralmaq. Axşam qaranlıq düşmək üzrə ikən Bakıda çilçıraqyanmağa başladı. S.Rəhimov. ..Günəş çoxdan batmış, qaranlıq çökmüşdü. Ə.Məmmədxanlı. Qaranlıq etmək (eləmək) - kölgələndirmək, görünməz hala salmaq. Get, get, qabağımızı qaranlıq eləmə. S.Rəhman.
sif. İşıqdan məhrum, işığı olmayan; işıqsız, zülmətli. Qaranlıq otaq. Qaranlıq küçə. Qaranlıq gecə. - Qaranlıq yerdə daş atmazlar. (Ata. sözü). Içərişəhərdə qaranlıq dar bir dalanda kiçik bir otaq tutub, anamla yoxsul həyat keçirirdik. A.Şaiq. Xanın doqquz ay qaranlıq tövlədə bəslənmiş harın buğasını meydana çıxardılar. M.Rzaquluzadə. sif. məc. Bəlli olmayan, aydın olmayan, anlaşılmaz. Qaranlıq məsələ. Onun mənası qaranlıq qaldı. - O hansı qaranlıq məsələdir? M.S.Ordubadi. // məc. Şübhəli, şübhə oyandıran. Onun çox qaranlıq keçmişi vardır. is. məc. Cəhalət, mədəniyyətsizlik, mədəni gerilik mənasında. ..Bizim qabağımızda dağ kimi duran istibdad, Şərq istibdadı və Şərq qaranlığı idi. C.Məmmədquluzadə. [Fərhad:] Mən deyirəm ki, camaat qaranlıqdadır, biz gərək gedib oxuyaq, gələk, əlimizə qələm alaq, onlara nicat yollarını göstərək. Ə.Haqverdiyev. // sif. Cahil, mədəniyyətsiz, mədəniyyətcə geri mənasında. Nərimanovun bədii əsərlərində keçmişin qaranlıq mühitindən, lənətlə və nifrətlə qarşılanan mənzərələrindən söhbət gedir. M.Arif. □ Qaranlıq quyuya daş atmaq - qəti bir şey bilməyərək, fərziyyə ilə məşğul olmaq, təxmin etmək, güman etmək. Paylaşın - Hamı bilsin
|