İzahlı lüğət

QƏM

is. [ər.] Kədər, dərd, qüssə, könül tutqunluğu. Insanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; ağlamaq əlaməti qəmdir, gülmək əlaməti fərəhdir. M.F.Axundzadə. Eşqin yolunda qəm verə üz, aşiq inciməz. S.Ə.Şirvani. Cahanda düşdüsə min qəmə, dərdə; Qaranlıq çəkmədi gözünə pərdə. S.Vurğun. // Obrazlı təşbehlərdə. Yaman gün keçər gedər; Ömrümü biçər gedər; Dünyada qəm şərbətin; Hər gələn içər, gedər. (Bayatı). Olubdu qəm yatağı şad gördüyün könlüm. Heyran xanım. Qəm mülkündən azad olum; Yaratdığım bir sənətlə! S.Vurğun. Qoy mən hicranınla qalım baş-başa; Sən qəm zəncirini qır, boynundan at. R.Rza. Qəm mizrabı min dərd çaldı onun ürək telində. Ə.Cəmil. □ Qəm çəkmək bax qəm yemək. Qəm çəkmə bu qədər divanə könül; Həmişə ruzigar belə dar olmaz. Qurbani. Könül, qəm çəkmə, dəhrin gülşənində; Açan hər bir gülün min xarı vardır. Heyran xanım. [Hacı Murad:] Allaha şükür, mənim kimi atan var, sən niyə qəm çəkəsən? S.S.Axundov. Qəm dəryasına batırmaq (qərq etmək) - son dərəcə kədərləndirmək, qəmgin etmək, qəmləndirmək. Məni qərq elədin qəm dəryasına; Ey çeşmi-xumarım, nöşün ağladın? M.P.Vaqif. Qəm dəryasına batmaq (qərq olmaq) - son dərəcə qəmgin olmaq, pərişan olmaq, dərdli olmaq, kədərlənmək. Məmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu. C.Məmmədquluzadə. [Hacı Murad:] Imran ağa, nə qəm dəryasına batmısan? S.S.Axundov. Qəm eləmək (etmək) - b ax qəm yemək. [Qönçə:] Qəm eləmə, işimiz düzələr, bir yerdə kəsbkarlıq edərik. B.Talıblı. Qəm yemək - qəm çəkmək, fikir çəkmək, qəmə batmaq, dərd çəkmək. Araz qəhqəhə ilə güldü, sonra əli ilə onun çiyninə vurdu: - Qəm yemə, bizimki soyulmaqdan gəlib, - dedi. A.Şaiq. [Çimnaz:] Qəm yemə, küsü nə qədər bərk isə, barışıq o qədər şirin olacaqdır.. Ə.Məmmədxanlı. Qəmə batmaq - bax qəm dəryasına batmaq. [Dəli Səməd] birdən nazik qollarını qırışdırıb və uzun ucuqırma burnunu sallayıb, belə qəmə batırdı ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Çəmənzəminli. Qəminə qalmaq - dərdinə qalmaq, qeydinə qalmaq, halı ilə maraqlanmaq. Yar məgər yarını yadına salmaz? Arayıb-axtarmaz, qəminə qalmaz? Q.Zakir. Qəminə ortaq olmaq - dərdinə şərik olmaq. Bu gözəl aləmi gəzdikcə dağ-dağ; Oldum sevincinə, qəminə ortaq. M.Müşfiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed